Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Nizaminin yeri məlum
Brandup
Brandup
21 Fev, 2019
1974

Nizaminin yeri məlum

Nəsimi ili olmasına baxmayaraq, bu bloq Nizami Gəncəviyə həsr edilir.

Dahi mütəfəkkirin bədii və elmi yaradıcılığı böyük bir xəzinədir. Haqqında çox yazmaq olar. Mən isə indi bu xəzinəyə və mövzulara girmirəm. 

Dərsliklərdə oxuduğumuz, filmindən gördüyümüz qədəri ilə onun yanaşmasını sərgiləmək istəyirəm. Öncədən xatırladım ki, bu subyektiv münasibətdir və heç bir elmi müdafiə xarakteri daşımır :)

Məncə, Nizami Gəncəvi indiki dövrdə yaşasaydı, bu günün ən innovativ və ən kreativ şəxslərindən biri olardı. 
Bəs necə biri olardı? Bizim etdiyimiz hansı yanlışlıqları o etməzdi? Hansı işlərdə bizə nümunə olardı? Bütün bu fikirlər məni çox düşündürdü və qərara gəldim ki, sizinlə bölüşüb, yüngülləşim.

7 gözəl "məncə"

Məncə, N. 1 Brief əsasında işləyərdi.
İşimizdəki əsas problemlərdən biri sifarişçidə bir brifin olmamasıdır. Baxmayaraq ki, o vaxtkı müştərilər özlərinə görə “cool” hökmdarlar olublar. Yenə də "ən yaxşı, partladan əsər olsun" deməyiblər. İstədikləri mövzunu deyib, nəticəsini gözləyiblər. III Toğrulun sifarişi ilə “Xosrov və Şirin”, Şirvan hökmdarı I Axsitanın sifarişi ilə “Leyli və Məcnun” və s. əsərləri misal gətirə bilərik.

Məncə N. 2 Müştərinin ayağına getməzdi
Bir qədər kobud və absurd səslənə bilər, lakin bunun təsiri danılmazdır. Öz ərazisində yazan şairlə, sarayda şairlik etməyin fərqi, öz sahəsində oynayan futbol komandası ilə özgə sahədə oynayan komandanın fərqindən daha çoxdur. Dünyada marketinq üzrə bir çox şirkət bu nüansı nəzərə alaraq, müştərini yalnız öz ofisində qarşılayır. Yaradıcı iş mühitini, geniş ekranda təqdimatı görən müştəri elə yaradıcı atmosferə düşüb, fikrində qərarlaşır. 

Nizami Gəncəvi öz dövründə digər şairlər kimi saraylara getməyib, əksinə şahlar onun hüzuruna gəlib. Biri mədrəsə tikdirib, dastan sifariş verib, digəri kənd bağışlayıb və s. 
Bu bənddə "bizdə də belə olmalıdır" demirəm. Özümüzü dahi ilə müqayisə etmək üçün tezdir, lakin əminəm ki, Nizami Gəncəvi əlində "fləşka" müştərinin kabinetində söz almaq üçün məqam gözləməzdi. O yaradıcılığı ilə geniş kütlənin sevgisini qazanar, sonra müştərilərinə də öz işini bu formada təqdim edərdi.

Məncə N. 3 Mətnə dəyişiklik etməzdi.
Təsəvvür edə bilmirəm ki, hansısa şah Nizami Gəncəviyə deyir ki, buradakı mətnə düzəliş et. Burada “fun” olsun, bu qəzəl korporativ üslubda, bu qəsidə isə satışyönümlü olsun. Nizami indiki dövrdə yaşasaydı, müştərisinin müştərilərini daha yaxşı tanıdığını, onlara satış etmək üçün nəyin daha düzgün olduğunu öz işləri ilə sübut edərdi. Yeni müştərilər də bu işdə ona tam etibar edərək, dəyişiklik istəməyə ehtiyac duymazdılar. Ödənişi də o vaxtkı şahlar kimi qabaqcadan verərdilər ;) 

Məncə N. 4 "Kopya" iş görməkdən çəkinməzdi.
Təbii ki, heç bir kreativ insan əvvəl olmuş ideya üzərində zəhmət çəkmək istəmir. Yeni, orijinal ideyalar daha çox həzz verir. Üstəlik çəkilən zəhmətin sonunda "türklərdən götürüblər", link, screen və s. ilə qarşılaşmaq var. İnsanlarda bu aqressiyanın olması normaldır. Nizami Gəncəvinin filmində də şairin "Leyli və Məcnun" sifarişi ilə bağlı narahatlığı qeyd edilir. Lakin şair ərəb dastanını lokal versiyada elə gözəl formada yaradır ki, nüsxə olması işin keyfiyyətinə zərər vermir. Dərinliyə baş vurduqca, əslində bütün işlərin əvvəlki işlərin "kopyası" olduğu, hər işdə hansısa ilham mənbəyinin olması təbii haldır. Bu mövzuda elə Nizami Gəncəvinin yerlisi olan art direktorumuz Tələt Əliyevin bloqunu oxumaq məsləhətdir. 

Məncə N. 5 Gündəmdə olan dildə yaradardı.
Bəzən "Niyə Nizami Gəncəvi farsca yazıb, indi farslar öz şairi kimi qələmə verirlər" tipli rəylər oxuyuruq. Nizami Gəncəvinin fars və ya türk yazıçısı olması hətta ABŞ siyasətçilərinin də müzakirə mövzusuna çevrilib.
Həmin dövrdə öz dilində yazıb, uğur qazanmağı gözləmək, indi Azərbaycan dilində film çəkib Oskar qazanmağı gözləmək kimidir. Məncə, Nizami Gəncəvi indi də yaşasaydı, yaradıcılığının sərhədləri ölkə sərhəddini keçəcəkdi. O bu gün ingiliscə yaradardı yaxud insanlarla  elə bir vizual kommunikasiya quracaq işlər görərdi ki, (animasiya) orada heç bir dilə ehtiyac olmazdı. 

Məncə N. 6 Beyin köçü etməzdi.
"Məncə N. 6"-da Nizami Gəncəvi doğma dil üzrə narahat olduğumuz vətənpərvərlik mövzusunun artıqlamasıyla haqqını verib. Baxmayaraq ki, yaradıcılıq dilini gündəminə qurban verib, amma yaradıcılıq dövründə bir dəfə olsun Gəncəni tərk etməyib. Hökmdarların gəlib, Gəncəni görməsini, burada abadlıq işləri aparmasını şairin  öz torpağına göstərdiyi xidmət hesab edə bilərik. Əl yazısı ilə kitab nüsxələnən dövrdə şəhərini tərk etməyən dahi, inanmıram ki, bu gün yaradıcılıq üçün başqa mühit axtarardı. Əksinə rəqəmsal dünyanın verdiyi imkanlar sayəsində bütün dünyanın diqqətini Azərbaycana çəkərdi.

Məncə N. 7 İnsanşünas olardı.
Trendi izləmək naminə göstərilən humanizmdən fərqli olaraq, Nizami Gəncəvini öz dövrünün ən humanist insanı hesab edə bilərik. Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə kəbin ilə ailə qurub, öz həyat yoldaşı etməsi o dövrə görə ən nümunəvi humanizm addımıdır. Hətta indiki dövrdə də minlərlə sosial çarx əvəzinə bir ədəd belə real keysin olması düşünürəm ki, nə qədər qadın haqlarına diqqət çəkərdi. Nizami Gəncəvi indiki dövrdə yaşasaydı, ilk olaraq insan sevgisi ilə ən öndə gedən bir şəxs olardı. 

Onun insanpərvərliyi o qədər ali həddədir ki, nə bir "Məncə N. 7", nə də bir "Nizaminin yeri məlum" bloqu ilə ifadə edilə bilməz. Elə bu baxımdan yazımın sonunu bu mövzudakı sitatlar ilə bitirir, hər birimizə bu baxımdan Nizami Gəncəviyə oxşamağı arzu edirəm.

"İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur."
Johann Wolfgang von Goethe (Alman şairi və mütəfəkkiri)

Xalq mənə versə də əziyyət, kədər,
Qıymaram incisin məndən bir nəfər.

 (Şərəfnamə) (Nizami Gəncəvi)

 

 

Müəllif: Ağarəcəb Cəfərov

BİZİ İZLƏYİN