Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

2020 dizaynerlərə nə çəkdirir?
Brandup
Brandup
1 apr, 2021
1739

2020 dizaynerlərə nə çəkdirir?

Dünya hal-hazırda tək bir problemin qayğısındadır. Koronavirus həyatımızı alt-üst etsə belə, düşünürəm ki, karantin hər kəsin şəxsi inkişafı üçün yeni imkanlar yaradır.

İldən-ilə texnologiya sahəsi inkişaf edir və qrafik dizayn sahəsi ondan asılı olaraq dəyişir. Daş dövründə aktual dizayner hesab olunmaq üçün qaya üzərində daş ilə rəsm çəkmək tələb olunurdusa, zaman keçdikcə platformalar genişləndi və indi hər kəs yeniliklərə adaptasiya olunmalıdır. Dizaynerlər bu məsələdə istisna deyillər. İndiki zamanda aktual qalmaq üçün bir neçə qrafik proqramlarda işləməyi bacarmaq kifayət etmir. Aşağıda, yaşadığımız zamanda qrafik dizayn sahəsində aktual qalmaq üçün bir neçə məqam qeyd olunub.

  • Adobe-un qızıl üçlüyü

Photoshop, Illustrator, InDesign. Başqa dildə desək: rastr, vektor qrafika və layout dizayn bilikləri. İndiki zamanda bir çox dizayner tərəfindən alternativ proqramlara üstünlük verilir. Məsələn, Corel Draw proqramı ildən-ilə update olunmağına baxmayaraq digər proqramlar ilə kompleks şəkildə problemlər yaradır. Eyni ailəyə (Adobe) aid olan proqramlar arasında işləyərək hərəkət etmək daha rahatdır, nəinki bir proqramdan nəyisə konvertasiya edib, başqasına ötürmək, fayl uyğunsuzluğuna rast gəlmək və s.

Bu proqramlarda daha innovativ həllər mövcuddur və dünyada daha çox şirkət tərəfindən istifadə olunur. Həmçinin vacib məsələlərdən biri komandada çalışaraq vahid proqramlarla işləməkdir, çünki bəzi materiallar komanda arasında transfer oluna bilər, konvertasiya isə narahatçılıq yaradır.

  • 3D

İndiki zamanda 3D vizualizasiya çox aktualdır və növbəti illərdə də aktual qalmağı gözlənilir. 3D proqramlarda ən azı elementar işləmə bacarığı dizaynerlərə kömək ola bilər. Düzdür, bəzi məsələlərdə köməkçi vasitələr ilə faydalanmaq mümkündür. Misal üçün 360 dərəcədə hazır render olunmuş şəkillərin mövcud olduğu saytlar ilə, amma bəzi hallarda xüsusi elementlərə ehtiyac yaranır və bunun kənar resursları cəlb etmədən həll olunması bir çox dizayn sahələrində böyük üstünlükdür.

  • Fotomanipulasiya

Bizə müraciət edən dizaynerlərdən bəzən eşitdiyim məsələ fotomanipulasiyaya meyilli olmadıqları və zəif olduqlarıdır. Bu işlərdə zəiflik hiss olunursa, bunu mütləq inkişaf etdirmək lazımdır. Ümumiyyətlə müəyyən bir foto kompozisiyanın hazırlanması bir çox sahələrdə önəmlidir, bu SMM üçün hazırlanan poster, OOH reklamı, kataloq, menyu və s. ola bilər. Vizual brendinqdə belə mockup-ların hazırlanması, şəkillərdə rənglərin idarə olunması və s. kimi məsələlər fotomanipulasiya bacarıqlarından asılıdır.

  • Şəkil

Bəzi hallarda dizaynerlərin istifadə üçün fikirlərində olan şəkili tapmaq çətin olur, bəzi hallarda yanımızda bu işin peşəkarı olmağı belə bizə tam lazım olan nəticəni vermir. Bu səbəbdən foto çəkilişindən müəyyən bir bilikləri olan dizayner daha qısa zaman sərf etməklə bu məsələni həll edə bilər. Eyni zamanda dizaynerin foto bilikləri komandada olan fotoqraflarla kommunikasiyanı asanlaşdıra bilər, çünki sizə tam nə lazım olduğunu tələb olunan formada izah edə bilərsiniz.

  • Poliqrafiya dizaynı

Baxmayaraq ki, yaşadığımız zamanda hər şey rəqəmsala doğru gedir, amma yenə də çap məhsullarını heç kəs sıradan çıxarmayıb. Bir çox dizayner materialı çapa göndərməkdə çətinlik çəkir. Burada məsələ tək faylın CMYK rəng sisteminə çevirmək ilə bitmir, əlavə olaraq çap üçün ölçülər, görüntü imkanları kimi bir çox məsələlər mövcuddur, hansı ki, material çapa getməmişdən əvvəl nəzərə alınmalıdır.

  • Video

Fotomanipulasiyada qeyd olunan məsələlər müəyyən dərəcədə bu punkta da aiddir. SMM, brendinq, interfeys dizaynda və bir çox dizayn sahələrində görülən işləri daha da zənginləşdirmək üçün animasiya bilikləri vacibdir. Komandada bunu bacara biləcək şəxsin olmağı yaxşıdır, sadəcə daha sürətli həll tapmaq üçün bu məsələdə təməl biliklər böyük üstünlükdür.

  • Brendinq

Bəzən dizaynerdə və müştərilərdə brendinqin əhəmiyyəti ilə bağlı anlayış tam doğru olmur və bəzən loqotip və ya identifikasiyanın hazırlanması ilə qarışıq salınır. Brendinq işin tək vizual tərəfinin hazırlanması demək deyil, həmçinin burada brendin strategiyasının hazırlanması, kütlənin analizi, reklam kampaniyaları və s. kimi məsələlər böyük rol oynayır. Brendinqlə bağlı təməl anlayışlarından hər bir dizaynerin məlumatı olmalıdır, çünki müəyyən bir brendlə çalışarkən əsas prinsiplər dərk olunmalıdır. Bununla bağlı bu bloqda ətraflı fikirlər izah olunub.

Burada qeyd olunan məsələlər daha çox yeni başlayan və agentlikdə çalışmağa hazırlaşan dizaynerlərə aiddir, amma ümumilikdə düşünürəm ki, hər kəs özü üçün maraqlı məqam tapa bilər.

 

Müəllif: Tələt Əliyev

BİZİ İZLƏYİN