Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Agentlikdən keyfiyyətli iş almağın 6 qaydası
Tamerlan İsmayılov
Tamerlan İsmayılov
15 may, 2018
2935

Agentlikdən keyfiyyətli iş almağın 6 qaydası

Ölkədə biznes mühiti canlandıqca, agentliklərlə işləməyə ehtiyac və bu sahədə olan dövriyyə də artır. Hərçənd ki, devalvasiyadan əvvəlki dövrlərdə agentliklər daha yaxşı “yaşayırdı”, son aylarda yenidən dirçəlməni hiss etmək mümkün olur. İndi həm sifarişçi çoxdur, həm də agentlik, amma təəssüf ki, bu çoxluq keyfiyyətin də yüksəlməsinə gətirib çıxarmır. Bunun üçün bu sahədə mütəmadi yazmaq, çəkmək, danışmaq və gündəm yaratmaq lazımdır. Önümüzdəki aylarda bu mövzuya toxunan layihələrlə qarşınızda olacağıq. Hələlik isə, bu məqalə ilə çalışacağıq ki, agentliklərdən keyfiyyətli iş almağın yollarından danışaq. Əgər siz bir işi agentliyə həvalə edirsinizsə, buna görə pul ödəyirsiniz, vaxt və enerji sərf edirsiniz, əlbəttə ki, keyfiyyətli iş almaq ilk növbədə sizin marağınızdadır. Gəlin bu sadə qaydalarla tanış olaq ki, sərf olunan pul, vaxt və enerji maksimal nəticə versin.

1. Kimsə nə istədiyini bilməlidir.

Bir iş görülürsə, hansı sahədə olmasından asılı olmayaraq, burada ya işi görən, ya da işi gördürən nə istədiyini bilməlidir. Əgər sizin nə istədiyinizlə bağlı dəqiq təsəvvürünüz yoxdursa, brif verin və kənara çəkilin, prosesdən həss alın. Başqalarının da fikirlərinə açıq olun. Sözsüz ki, sizin müştərini/məhsulu ən yaxşı siz tanıyırsınız, amma marketinqi də ən yaxşı agentliklər bilir, icazə verin, öz işlərini görsünlər. Əgər siz dəqiq olaraq nə istədiyinizi bilirsinizsə, o zaman sadəcə bunu etdirin və nəticə ilə barışın. Agentliyin etdiyi işi bitməyən şərhlərlə, düzəlişlərlə öz təsəvvürünüzdə olan formaya gətirib çıxartmağa çalışmayın, bu zaman ancaq belə bir iş alına bilər.

2. Bu iş kimin üçündür ?

Sifarişçilərlə agentliklərin bəzən də ortaq məxrəcə gələ bilmədiyi nöqtə məhz bu məqamda yaranır. Agentliklər, sifarişçi şirkətin müştərilərinə uyğun düşünür, sifarişçi isə deyir “yox, mən istəyirəm belə olsun və ya mən bunu belə görürəm”. Unutmaq olmaz ki, marketinq fəaliyyəti sizin üçün deyil, sizin müştəriləriniz və potensial müştəriləriniz üçündür.

3. İş dünənə lazımdır.

Agentliklər ümumiyyətlə elə qurumlardır ki, onlardan keyfiyyətli iş almaq üçün onlara geniş zaman tanımağınız arzuolunandır. Bəzi sifarişçilərin imkanı olsa, deyər “iş dünənə lazımdır” (bəzən deyirlər). Əslində isə bu yanlış planlamanızı agentlikdən vaxt oğurlayaraq kompensasiya etməyə çalışmağınız ilk növbədə elə özünüzə ziyandır. Ümumi layihə üçün zaman az olduqda, agentliyin araşdırmağa da, müxtəlif versiyaları dəyərləndirməyə də zamanı az olur. Düzəldə biləcəyi ilk yaxşı versiyanı sizə təqdim etmək məcburiyyətində qalır.

4. Yaralı yerimiz – brif :(

Müştərilər bəzən tənbəllikdən, bəzən də məlumatsızlıqdan brif mərhələsini ötürmək istəyir. Biz hətta saytımızda brif formalarını yerləşdirmişik, sadəcə xanaları doldurmaq lazımdır, bu zaman belə xanaların 60%-ni “bilmirəm, özünüz baxın” kimi ifadələrlə doldururlar. Əgər bəhrəsini görə biləcəyiniz iş almaq istəyirsinizsə, agentliyi bütün lazımi məlumatlarla təmin etməyiniz lazımdır. Əks halda görülən işdə nəzərə alınmayan məqamlar olacaq, adi bir detal isə bütün işi uğursuz edə bilər.

5. Niyə belə baha?! Bayaq birinə zəng eləmişdim, bütün işi 100 manata 3 günə təhvil verir!


David Ogilvy (dünyanın gəlmiş-keçmiş ən məşhur reklamçılarından biri, reklamın atası) öz kitabında yazır ki, ilk başlarda agentliklərdə ən təhsilli, ən ağıllı, ən kreativ insanlar çalışırdı. Zaman keçdikcə agentliklərin sayının artması və yeni yaranan agentliklərin qiymət dempinqi etməyi (bazar payı əldə etmək üçün başqa yol tapa bilmirdilər), qısa zamanda bazardakı kadr keyfiyyətini aşağı saldı. Agentlik əməkdaşları artıq əvvəlki kimi yaxşı qazanmır, potensiallı insanlar isə bu səbəbdən agentliklərdə qalmır və nəticə olaraq, agentliklərin gördüyü işlərin keyfiyyəti bir səviyyədən yuxarı qalxa bilmir. Başqa ölkələrdə görülən işlərə baxıb, “görürsüz dəə, türklər neyniyir” deyən şəxslər bilməlidir ki, Azərbaycanda belə işlərin çıxmama səbəbi məhz bu punktda toxunduğum məqamlardır. Zehni əmək ən yüksək səviyyədə qiymətləndirilməlidir!

6. Hər şey əladır, amma...

Sifarişçi qismində çıxış edən şirkətlər, bəzən də “mənim işimi məndən yaxşı kimsə bilə bilməz” fikri ilə, görülən işlərə N sayda şərhlər verərək, dəyişdirməyə çalışır. İşə şərh verməyiniz çox təbiidir, bu 50% hallarda hətta işi yaxşılaşdırmağa yardım da edir, lakin bu zaman agentliyin də şərhinizlə bağlı fikirlərini nəzərə alın, onların bunu niyə məhz belə etdiyi ilə bağlı soruşun, məsləhətləşin, hər iki tərəfin məqsədi son nəticədə yaxşı bir işin alınmasıdır. Eyni məqsəd üçün bir araya gəlmiş insanlar fikir mübadiləsi edərsə, ortaya daha yaxşı nəticələr çıxar, nəinki hərə öz tərəfinə çəkməyə çalışsa.

 

 

Qeyd olunanlar ən çox qarşılaşdığımız problemlərdən bir neçəsidir, ümumilikdə isə məqalənin əvvəlində də qeyd olunduğu kimi, önümüzdəki aylarda bu mövzunu gündəmdə saxlayaraq ölkədəki agentlik-müştəri fəaliyyətinin, münasibətlərinin keyfiyyətini artırmağı hədəfləyirik. Sonda isə sizi bu videoya baxmağa dəvət edirəm, əlavə nəsə yazmağıma ehtiyac yoxdur, şedevr işdir smiley

 

Oxuduğunuz üçün təşəkkürlər! 

BİZİ İZLƏYİN