Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Bloq yazmağa başlayaq?
Brandup
Brandup
21 Sen, 2021
2397

Bloq yazmağa başlayaq?

1. Mövzu seçimi

2. Başlıq

3. Bloqun strukturu necə olmalıdır?

4. Məqalələri harada yerləşdirə bilərsiniz?

5. Bloq yazmaq necə inkişaf etdirilir?

6. Nəticə

Bu günə qədər saytımızda çoxsaylı bloqlar paylaşmışıq. Yazılan bloqlar həm oxucular, həm də bizim üçün çox faydalıdır. Belə ki, bloq yazmaq araşdırma və yazma bacarığına, analiz etmə və həmin sahədə daha çox məlumatlı olmağa müsbət təsir edir. Çox istəyirik ki, bu inkişafdan siz də istifadə edib həm özünüz, həm də sektor üçün fayda verə biləsiniz.

Yeni başlayanların qarşılaşdığı bəzi problemlər var, “Hansı mövzuda, necə yazım? Başlığı necə seçim? Bloq yazma bacarığını necə inkişaf etdirim?” və s. İndi oxuyacağınız bloq yeni başlayanlar üçün uğurlu məqalə yazmağın incəliklərini özündə toplayıb.

Başlayaq.

Mövzu seçimi: Çoxları işin çətinliyini uyğun mövzu tapmaqda görür, məhz buna görə başlamaqdan çəkinənlər də olur.

Mövzu axtararkən bir neçə məqam diqqətə alınmalıdır:

Aktuallıq - Yazacağınız bloq trendə uyğun olmalıdır ki, izləyicilərin diqqətini asanlıqla çəkə bilsin. Məsələn, pandemiya müddətində bu mövzuda bloqlar daha çox axtarılırdı: “Virusdan necə qorunaq?, Koronavirusun əlamətləri nədir?” və s.

Əminlik - Hansısa mövzuda bloq oxuyarkən müəllifin bu mövzuda kifayət qədər məlumata sahib olması sizdə daha çox güvən yaradır. Çalışın, əmin olduğunuz və yaxşı bildiyiniz məlumatları bölüşün.

Əhatəlilik - Mövzunuz və başlığınız ayrı-ayrılıqda uğurlu ola bilər, lakin, başlığın və kontentin bir-birinə uyğunluğu çox vacibdir. Bəzən xəbər saytlarında qarşınıza cəlbedici başlıqda məlumat çıxır və siz həmin başlığa daxil olduqdan sonra, tamamilə fərqli mövzu ilə qarşılaşırsınız. Ən əsası isə odur ki, əhatəli olmayan mövzu izləyicinizdə qıcıq yarada bilir.

İlk başlarda məqalələrinizin müxtəlif mövzularda olması sınaq etməyinizə kömək olacaq. Bu müddət ərzində oxucularınızın hansı mövzuda və tərzdə olan bloqları daha çox bəyəndiyini müşahidə edəcəksiniz. Həmçinin, mövzu seçimində izləyicilər də sizin köməkçinizdir. İzləyiciləri maraqlandıran mövzuları onlardan soruşa bilərsiniz.

Cəlbedici başlıq üçün hansı ipucuları var?

Başlıq 6 sözdən çox olmamalıdır. İdeal isə 3 söz hesab olunur. Bu cümlə və ya sual oxuyucuları “call to action” etməlidir. Yəni, onu görən izləyici birbaşa hərəkətə keçərək bloqu oxumağa başlamalıdır. Məsələn, təsəvvür edin ki, bitkilərə qulluq barədə bloq yazmısınız. “Bitkilərə qulluq etmək üçün məlumatlar” və ya “Bitkilərə qulluq üçün 5 qızıl qayda” deyə iki fərqli başlıq seçiminiz var. Hansı daha cəlbedicidir? Hansı başlıq oxucunu hərəkətə gətirəcək? Cavabı yəqin ki, təxmin etdiniz.

Diqqəti çəkəcək başlıq seçimi üçün bəzi nümunələr var:

“Niyə?, “Necə?” tərzli suallarla yazılan:

Niyə SMM xidmətinə tələbat gündən-günə artır?

və ya,

Necə edək ki, kitab oxuma vərdişini formalaşdıraq?

Rəqəmlə ifadə olunan: Kitab oxuma vərdişini formalaşdırmaq üçün 5 qayda

Spesifik yazılan: Biznes kitablarını seçərkən hansı məqamlar nəzərə alınmalıdır?  və s.

Bloqun strukturu:

Mövzu var, başlıq var, bəs bloqun strukturu necə olmalıdır?

Bu məqamda aşağı siniflərdə yazdığımız inşaları xatırlayın. Biz əvvəlcə plan qurur, ardıcıllığı beynimizdə formalaşdırır, daha sonra yazıya başlayırdıq. Bloq da eyni bu şəkildədir. Sizin əlinizdə konkret plan olmalıdır.

Bloqlar əsasən 3 hissədən ibarət olur:

  • Giriş hissə
  • Əsas hissə
  • Sonluq

Statistika göstərir ki, 10 nəfərdən 2-i bloqun başlığını oxuyandan sonra onu oxumağa daxil olan şəxslərdir. Məhz bu 2 nəfəri əldə saxlamaq üçün giriş hissə də ən azı başlıq qədər diqqəti çəkməlidir. Bu hissə oxucuya niyə gəldiyini bildirərək əsas hissəyə keçid etməyə başlayır.

Əsas hissədə isə siz artıq mövzunu geniş izah etməlisiniz. Planda qeyd etdiyiniz bütün sualları bloqda cavablandırdıqdan sonra sonluğa keçid edərək ya sualla, ya da yenidən çağırış mesajı ilə bitirə bilərsiniz.

Bloqda tövsiyə olunur ki, kontentiniz 1000 simvoldan az olmasın. Bu, həm sizə mövzunu aydın izah etməyə, həm də bloqun oxucu üçün anlaşıqlı olmasına kömək edir. Eyni zamanda, abzaslara bölünmə məqalənizin oxunaqlığını artıran əsas faktorlardan biridir. Hər abzasın maximum 150-160 sözdən ibarət olması məqsədəuyğundur. Bloqun önə çıxması üçün daha ətraflı  "10 addımda SEO-a uyğun məzmun"-a keçid edərək oxuya bilərsiniz.

Məqalənizi rəngarəng etmək isə işin əyləncəli hissəsidir. Hər abzasdan sonra şəkil yerləşdirmək yorucu ola bilər, ona görə də, uyğun abzaslardan sonra 5-dən çox olmadan şəkil, qrafik, cədvəl və giflərdən istifadə edin.

Bloqda sözlərin düzgün yazılışına, durğu işarələrin lazımi yerlərdə qoyulmasına diqqət etmək mütləqdir. Əmin olmadığınız sözlər varsa, onları mütləq araşdırın. Ən vacib yerləri isə rəngarəng yazmaq əvəzinə, “bold, italic və ya underline” ilə bildirin.

Məqalələri harada yerləşdirə bilərsiniz?

Yəqin ki, bloqları oxuyarkən onun hansı tərz saytda və necə paylaşdıldığına nəzər yetirmisiniz. Bloq yazısını bitirdikdən sonra çalışırıq ki, bu məqalədən daha çox insan faydalansın. Və axtarışa keçirik.

Belə ki, siz, öz bloqlarınızı fərqli formalarda paylaşa bilərsiniz. Bu ola bilsin ki, sizin öz şəxsi vebsaytınızdır, orada mütəmadi olaraq müxtəlif mövzularda məqalələr yazırsınız. Şirkətiniz üçün də məqalə yazmanız mümkündür. Bu, sizin çalışdığınız və necəsə əlaqədə olduğunuz şirkətlər üçün yazıla bilər. Mövzu seçimləri adətən iş prosesi, təlim və layihələr, tədbirlər və s. şəklindədir. Ciddi və konkret yazılır.

Qonaq qismində portallara müraciət etmək də bloqlarınızın daha çox insana çatmasına yardımçı olacaq. Bu tərz bloqlar adətən, həmin platformanın kontentinə uyğun və bir dəfə yazaraq təqdim edilir. Bəyəndiyiniz hər hansısa portalla əməkdaşlıq edərək köşə yazarı kimi də fəaliyyət göstərə bilərsiniz. Və ya siz ola bilər ki, çap materiallarında yazmağa daha maraqlısınız, o zaman jurnal, qəzet kimi vasitələrdə öz məqalələrinizi paylaşmaq şansınız var. 

Bloq yazma bacarığını necə inkişaf etdirməli?

 

Yazını inkişaf etdirmək üçün bəzi yazılmamış qanunlar var:

  • Daha yaxşı bloq yazmaq daim müxtəlif mənbələrdən oxumaqdan keçir. Sanki IELTS imtahanıdır və yazmaq üçün birinci dinləməni etməlisiniz. Gündəlik 1-2 məqalə oxumaq yazılacaq məqalənin sujet xəttini formalaşdırmağı asanlaşdırır. Oxumaq həm yazı tərzinizə, həm də nitqinizə müsbət təsir edəcək.
  • Daim araşdırma etmək bu yolda sizin bələdçiniz olacaq. Uğurlu bloq yazmaq üçün həmin mövzuda ən azı 10 müxtəlif müəllifdən (saytdan) araşdırma edib, məqalələri, fikirləri bir yerə toplayıb oxuyub analiz etməlisiniz. Məlumatların tarixinə diqqət edin.
  • Bu yolda yazı vərdişini formalaşdırmaq mütləqdir.  Bəlkə də, indiyə qədər dəfələrlə əlinizə dəftəri və ya telefonu götürüb hansısa mövzu haqqında və ya mövzu başlığınız olmadan tez-tez nələrsə yazmısınız. Bu, “Freewriting” adlanır. Mövzumuz friraytinq olmadığı üçün bu haqda geniş məlumat vermək təəssüf ki, alınmır. Qısaca desək, friraytinqdə mövzu başlığınızın olub-olmamasının o qədər də önəmli deyil. Siz, sadəcə yazırsınız.
  • Səhvlərinizi və boşluqlarlarınızı görmək üçün bu mövzuda sizdən daha yaxşı bilənlərdən yardım ala bilərsiniz. Eyni zamanda, yazı tərzini bəyəndiyiniz birini özünüzə rol model kimi də görə bilərsiniz. İlk başlarda digər yazarlardan nümunə götürə bilərsiniz ( mənbəni qeyd etmək şərti ilə), lakin daha sonra öz tərzinizi yaratmanız mütləqdir.

Nəticə:

  • Bloq yazmaq araşdırma və həmin mövzuda peşəkarlığınıza müsbət təsir edir
  • Mövzu seçimində araşdırmanı kənara qoymayın, mövzunun əhatəlilik, aktuallıq və əminliyinə diqqət edin.
  • Seçilən başlığı cəlbedici edin. Unutmayın ki, oxucu başlıqla tanış olduqdan sonra hərəkətə keçməlidir.
  • Bloq yazarkən planlama edin və sizə uyğun strukturu formalaşdırın: giriş, əsas hissə və sonluq sujetində yazınızı tamamlayın.
  • Yazdığınız bloqları öz vebsaytınızda, şirkətinizin portalında, qonaq qismində və s. kimi müxtəlif mənbələrdə paylaşa bilərsiniz.
  • Bir dəfə yazmaqla kifayətlənməyin, bu bacarığınızı inkişaf etdirmək üçün daim addımlayın.
  • İlk dəfədən mükəmməl bloq yazısı təqdim etmək mümkün deyil, dayanmayın və bilin ki, müəyyən müddətdən sonra artıq müəllif kimi öz dəsti-xəttiniz olacaq.

“Nümunə də olsa, yaxşı olardı” deyirsinizsə, saytımızda digər bloqlara nəzər salmanız kifayətdir wink

Oxuduğunuz üçün təşəkkür edirik!

BİZİ İZLƏYİN