Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Dedlayn yaradıcılığı öldürür?
Brandup
Brandup
15 apr, 2021
932

Dedlayn yaradıcılığı öldürür?

Bu dəfə plaza dilininin ən sevilməyən sözlərindən biri olan dedlaynın yaradıcılığa təsirindən danışıram. Bu antipatiya nədən yaranıb? Bəzən mümkün gecikmə riskini nəzərə alaraq iş icraçılarına məqsədli şəkildə yanlış tarix deyildiyinə görə, yoxsa tapşırığın sonunda tarix rəqəmlərini görməyin verdiyi sıxıntı səbəbindən? Onun sizi tələsdirdiyini, yaradıcılığı itirdiyini düşünürsünüz?

Dedlayn işlərin ən gec nə zaman təhvil veriləcəyini göstərən son tarixdir. Hansı ki, bu tarix icraçı ilə razılaşdırılmadıqda problemlər yarada bilir. Vay o günə ki, həmin dedlayn bir neçə saat sonraya qoyulsun. Ara qarışır, məzhəb itir. Bir neçə dəqiqə əvvəl qurub rahatlaşdığın cədvəli məcbur yenə dəyişməli olursan.

Deməli, tapşırıqların öhdəsindən vaxtında gəlmək üçün bizə zamanşərait lazımdır. Bu 2 şeylə təmin olunursunuzsa, “dedlayn” sözü sizi qorxutmayacaq, əksinə sizə yol xəritəsini göstərəcək. Bəzi yaradıcı insanlar vaxt təzyiqi olduğu zaman potensialını ortaya qoya bilmir. Fokusları yaratmaqdan daha çox təqvimə yayınır, tez-tez digər layihələrin son tarixlərini səbəbsizcə xatırlayıb daha da gərginləşirlər. Yaşadıqları stress onları “creative block” dönəminə gətirib çıxarır. Bu ərəfədə rahatlaşmağa, tapşırığa baxış bucağını dəyişməyə və əlbəttə ki, komanda dəstəyinə ehtiyac olur. Dedlayn yaxınlaşdıqca digər işləri təxirə salmaqla tapşırığın öhdəsindən gəlmək mümkündür. Amma bu evin tozunu xalçanın və ya divanın altına süpürmək misalına bənzəyir.

İstənilən halda, qısa müddət ərzində görülən işlərin kreativliyinin yerində və qüsursuz olması elə də inandırıcı görünmür. “Dedlayn yaradıcılığı öldürür” fikri ilə tam razılaşmasam da, gördüyüm bu videonu çox bəyəndim: 

“Uşaqlar var, şərait yoxdur” zarafatını etməkdən özümü güclə saxlayıram. Videoda 2-ci cəhddə şagirdlərə həm zaman, həm də şəkilləri istədikləri kimi çəkmək və rəngləmək üçün ləvazimat, yəni şərait verildi. Nəticəsi isə göz qabağındadır.

İndi isə faydasından danışaq. İlk növbədə dedlayn komanda üzvlərinə hər şeyin nəzarət altında olduğunu və vaxt itkisinin ziyana işlədiyini xatırladır. Layihələrdə ilk iclas, iş bölgüsü, kiçik hədəflərin müəyyən olunması kimi işlər ən tez vaxtda həyata keçirilir. Yəni dedlayn olmasa, ilk iclası bu gün yox, şərti 1-ci günə təyin edə bilərik. Dedlayn bizi iş üçün yol xəritəsini cızmağa, düşünməyə və hərəkətə başlamağa sövq edən qüvvədir. Bayaq onun gərginliyi artıra bildiyini yazmışdım. Burada əsas səbəkar zamandır. Vaxtla bağlı problem yaşamamaq üçün internetdə onlarla metod vardır. Bunlardan ən sadəsi Eyzenhauer cədvəli yaratmaqdır. Başınızdan axan işləri ehmalca aşağıdakı cədvələ yerləşdirməklə “hansından başlayım?” cümləsini unutmaq mümkündür.

Bu sizə zamanın öhdəsindən gəlməyə kömək edəcək. Qalır şərait. Dedlayn sizdən həm də şərait istəyir. Bunu özünüzə çox görməyin. Bu qədər işin arasında mahnıya qulaq asmaq beyninizi növbəti işə kökləyəcəksə, edin. Yazdığınız, çəkdiyiniz məhsul və ya xidmətin kateqoriyasına uyğun mahnılar olsa, lap əla. Layihəyə möhtəşəm sonluqlar qoymaq üçün sevdiyiniz kofe məkanında işləmək ilhamvericidirsə, noutbukunuzu götürün, oraya yollanın. Əgər bir az açıq havada gəzmək və ya ofisdə səssiz otağa qapılmaq işinizi sürətləndirəcəksə, dəyişiklikdən çəkinməyin. Dedlayn sizi effektiv iş üçün düşünməyə vadar edir. Başlaya və ya tamamlaya bilmədiyiniz layihəyə baxış bucağınızı dəyişmək üçün yuxarıda saydıqlarımdan daha çox sayda rəngarəng metodlar vardır. Bu taktikalar bizə problemə kənardan baxmağa, İniestasayağı pauza verib bütün meydanı və sizdən pas istəyən oyunçuları görməyinizə şərait yaradacaq.

Oxuduğunuz üçün təşəkkürlər. Yorulmayasınız!

 

Müəllif: Mürsəl Qafarlı

 

 

BİZİ İZLƏYİN