Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Doğru hədəfə doğru yollarla
Brandup
Brandup
15 may, 2021
1084

Doğru hədəfə doğru yollarla

Əsas ürək deyil, əsas mesajınızın doğru auditoriyaya doğru kanallarla çatmasıdır.

Səmərəli marketinq planı sayəsində reklam büdcəsinə, enerjiyə qənaət etmək, həmçinin qısa zamanda uğur qazanmaq üçün məhsul və ya xidmətimizə uyğun doğru auditoriyanı tapmağımız vacibdir. Onlar kimdir, haradadır, nə ilə məşğuldurlar, nəyi sevirlər, nəyə nifrət edirlər və s. tipli suallara cavab tapdıqdan sonra avtomatik gedəcəyimiz yol, yəni istifadə edəcəyiniz marketinq kommunikasiya kanalları bəlli olur. Böyük reklam büdcəniz ola bilər, amma həmin kampaniya hədəf kütlənizə çatmazsa, necə deyərlər, heyif o puldan. Bloqumda bu mövzuda bəyəndiym və qardaş ölkədə baş tutmuş 2 maraqlı “case”i sizinlə bölüşmək istəyirəm.

“Şekerbank” - #senbırakıpgitmediye

2014-cü ilə qədər Türkiyə kəndlərində əkin ərazilərinin satılması, bölünməsi və əhalinin kəndlərdən şəhərlərə köçməsi kütləvi hal almışdı. Bu kənd əhalisinin, fermerlərin müflisləşməsi ilə yanaşı, kənd təsərrüfatının inkişafını da ciddi şəkildə ləngidirdi. “Şekerbank” bu problemi “Aile çiftliyi” kampaniyası ilə həll etməyə çalışdı. #senbırakıpgitmediye haştağından istifadə edərək əsas mesajı kəndli fermerlərə çatdırmağa çalışdı və bu yolda sosial mediada ümumi Türkiyə əhalisinin böyük dəstəyini aldı.

https://www.youtube.com/watch?v=mGHGvtpRN7A

Kampaniya çərçivəsində “Şekerbank” kəndlilərə təsərrüfat fəaliyyəti ilə bağlı güzəştli kreditlər təklif etməklə yanaşı, onların övladlarının təhsil alması üçün də bir sıra imkanlar vəd edirdi. Əsas məqsəd insanları torpaqlarına qaytarmaq, getmək fikrində olanları kəndlərində saxlamaq, kənd təsərrüfatının inkişafında yaranmış durğunluğu aradan qaldırmaq idi. Reklam çarxının sonunda səsləndirilən Zeki Mürenin “Gitme, sana muhtacım” mahnısı “iTunes Store”da 1-ci yerə yüksəldi. Beləliklə, 17 gündə #senbırakıpgitmediye haştağı təkcə “Twitter”də 10 mindən çox sayda paylaşıldı, 32 milyondan çox insana çatdı. Hər kəs müxtəlif qürurlandırıcı, motivasiya xarakterli stauslar yazaraq kəndlilərə dəstək göstərdi. Çox gözəl ideyadır. Bank bu emosional kampaniyada tək qalmır, xalq da ona dəstəkdir. Həmin statuslar onları oxuyan kəndliyə çox yaxşı təsir göstərəcək. Bir dəqiqə, bir dəqiqə. Kəndli onu necə oxuyacaq? Axı onun nə smartfonu, nə də “Twitter” hesabı var. “Şekerbank” tvitləri onlayndan oflayna daşıyaraq bu problemin öhdəsindən maraqlı formada gəldi. Doğru mesajı doğru auditoriyaya çatdırmağı bacardı. Qətiyyən “spoiler” vermək fikrim yoxdur. Necə olduğuna aşağıdakı videoda baxdıqdan sonra 2-ci nümunə haqqında danışacağam.

https://www.youtube.com/watch?v=9waXoS9cqH0

 

“Domino`s Pizza” – Türkiyə

Növbəti "case" pizzanın Türkiyə bazarına daxil olması ilə bağlıdır. 1991-ci ilə qədər “Domino`s Pizza”nın özünü Türkiyə xalqına sevdirmək cəhdləri boşa çıxmışdı. Uğursuz strategiyalardan sonra marka bu fikirdən müvəqqəti də olsa, imtina etmiş və bazardan geri çəkilmişdi. Lakin uşaqlığımızın ən sevimli cizgi filmlərindən biri kimi yadda qalan “Ninja Turtles”ın özəl kanallardan birində yayıma başlaması pizza markası üçün əlverişli şərait yaratdı. “Domino`s Pizza” rəhbərliyi cizgi filmi ilə əməkdaşlıq edərək məqsədli şəkildə ssenariyə personajların pizza yemək səhnələrini əlavə etdi. Nəticədə, dünyaca məşhur bu tısbağaların davranışları uşaqlara maraqlı gəlməyə başladı. Onlar valideynlərindən məhz cizgi filmindəki yeməyi tələb edərkən artıq pizza Türkiyə insanının həyatına daxil oldu. Əslində bu qısamüddətli satış üçün düşünülmüş addım deyildi. Bir cəmiyyətin zövqünü, ağız dadını, müəyyən davranışlarını dəyişmək üçün onlara məhsulun ötürəcəyi duyğunu ən saf dönəmlərdə,  uşaqlıq illərində vermək lazımdır. 1994-cü ildən sonra “Domino`s Pizza” da doğru mesajı doğru kommunikasiya kanalı (tv-cizgi filmi-uşaqlar-valideynlər-hər  kəs) ilə verməyi bacardı. Uşaqlığında pərəstiş etdiyi qəhrəmanları ilə eyni yeməyi yeyib xoşbəxt olan insanlara indi həmin pizza doğma, əvəzolunmaz və vacib bir “fast food” kimi gəlir.

 

Marketinq strategiyalarının uğurlu olması üçün ilk növbədə özümüzə və hədəf kütləmizə çoxlu suallar verməyimiz lazımdır. Cavablar əsasında qarşımıza çıxan xəritə bizə “xəzinə”nin yerini göstərəcək. Yeri gəlmişkən bu cavabların bizdən fərqli baxış bucağı və fərqli yanaşmalar tələb etdiyini də unutmamalıyıq.

Oxuduğunuz üçün təşəkkür edirəm!

 

Müəllif: Mürsəl Qafarlı

BİZİ İZLƏYİN