Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Googleda “başda oturanlar”: Alqoritmlər
Elməddin Yusifli
Elməddin Yusifli
30 Okt, 2017
2529

Googleda “başda oturanlar”: Alqoritmlər

Heç kəsə sirr deyil ki, həm dünyada, həm də Azərbaycanda ən çox istifadə edilən axtarış sistemi Google-dır. Google bu liderliyi əldə etməsi üçün başda PageRank olmaqla öz alqoritmlərinə borcludur desək yanılmarıq. Başqa sözlə desək Google-da başda oturanlar alqoritmlərdir. Biz bu bloq yazısında həmin başda oturanlarla tanış olacağıq ki, gələcəkdə onlarla dost olub saytımızı axtarış nəticələrində başda oturdaq.

Başlayaq Google-ın uğurlu olmasına səbəb olan PageRank alqoritmindən. Patenti Stanford Universitetinə aid olan bu alqoritmi Larry Page və Sergey Brin təkmilləşdirərək dövrünün ən mükəmməl axtarış sistemini qurmuşdular. Google bu alqoritmin köməyi ilə axtarış zamanı çıxan milyonlarla nəticədən ən uyğun olanları ilk səhifələrdə sıralayırdı ki, o vaxta qədər heç bir axtarış sistemi buna nail ola bilməmişdi.

İndi isə gələk işin ən maraqlı hissəsinə, alqoritmin işləmə məntiqinə. Axtarış zamanı sıralama əsasən veb səhifələrə alqoritmin verdiyi Pagerank-lərə (0-dan 10-a qədər) uyğun olaraq çoxdan aza doğru dəyişir.  Bəs veb səhifənin Pagerank-ini alqoritm necə hesablayır?

Alqoritm bu zaman əsas 2 göstəriciyə fikir verir:

  1. Veb səhifəyə digər səhifələrdən gələn keçidlərə
  2. Keçid gələn digər səhifələrin Pagerank-lərinə

Qısası səhifəmizə Pagerank-i yuxarı olan səhifələrdən keçidin gəlməsi Pagerank-i aşağı olan bir neçə səhifədən keçidin gəlməsindən daha üstündür.

Aşağıda alqoritmlər haqqında çəkilmiş sənədli filmdə Pagerank futbol oyunu üzərindən aydın şəkildə izah edilib. Düşünürəm ki, bu videoya baxmaqla alqoritmin işləmə məntiqini tam olaraq anlaya biləcəksiniz (8:41-dən sonra). 

* Sənədli filmi buradan türkcə də izləyə bilərsiniz.

** Alqoritmlərə marağınız varsa, sənədli filmi tam olaraq izləməyinizi tövsiyə edirik.

Bir çox SEO mütəxəssisləri Google-ın son alqoritm yeniləmələri sayəsində PageRank-in axtarış nəticələrinə təsirinin azaldığını qeyd edirlər. Bunun da əsas səbəbi alqoritmdə olan boşluqlardan istifadə edərək süni şəkildə Pagerank-i artırmaq istiqamətində cəhdlərin (Black Hat SEO tactics) artması idi ki, Google növbəti alqoritmlərində bunun qarşısını almağa başladı.

Google-un 2010-cu ildə istifadəyə verdiyi Kofein alqoritmi axtarış nəticələrini 50% dəyişdirməyi ilə diqqətləri üzərinə çəkdi. Bu alqoritmin əsas hədəfi xəbər, bloq, forum və digər bu kimi aktual məlumatları qısa zaman ərzində axtarış nəticələrinə salmaq idi.

Google mütəxəssisləri alqoritmi təqdim edərkən qeyd etdilər ki, əvvəlki əsas indeksləmə sistemi hər iki həftədən bir yenilənirdi. Google Kofeinin köməyi ilə interneti kiçik hissələrə ayıraraq təhlil edir və əsas indeksləmə sistemini davamlı olaraq yeniləyir. Yeni bir səhifə və ya mövcud səhifədə yeni məlumat tapan kimi o səhifəni yenidən indeksləyərək məlumatları bazalarına yazır. Bununla da istifadəçilər əvvəlkindən fərqli olaraq yeni paylaşılan məlumatları (xəbərlər, bloqlar və s.) harada paylaşılmasından aslı olmayaraq daha tez tapırlar.

Alqoritm bu nəticəni əldə etmək üçün eyni anda 100 minlərlə səhifədə paralel olaraq bu prosesi həyata keçirir və verilənlər bazasına gündə 100 minlərlə gb həcmində məlumat əlavə edir. Düşünürəm ki, bu rəqəmlərdən sonra alqoritm haqqında hər hansı bir əlavə məlumata ehtiyac qalmadı.

Növbəti alqoritmimiz Pandadır. Alqoritm ilk dəfə 24 fevral 2011-ci ildə istifadə edilməyə başlandı. Adı hər nə qədər insanlarda xoş assosasiya yaratsa da Google-un pandası ilk gündən spam kontent yaradan saytlara “dişini göstərməyə” başladı.

Alqoritmin qəzəbindən uzaq durmaq üçün aşağıdakı məqamlara fikir vermək lazımdır.

  1. Kontentiniz unikal olmalıdır. Saytınıza haradansa kopyalanmış məlumat əlavə etsəniz Google-un qara siyahısına düşə bilərsiniz.
  2. Mətnlərdə açar sözlərdən istifadə edərkən yaxşı olar ki, əndazəni (2-4%) aşmayasınız.
  3. Daha uzun və keyfiyyətli (qrammatik və orfoqrafik cəhətdən) məqalə yazmağa çalışın. İstifadəçilərin saytınızda çox qalması Google-un sizə güvənməsi baxımından önəmlidir.
  4. Başqa səhifələrə çox keçid verməyin.
  5. Google Webmaster Tools hesabınızda aşkar edilən, xüsusilə də linklər ilə bağlı olan xətalara diqqət yetirin.

Bir sonrakı alqoritmimiz isə Pinqvindir. İlk dəfə 2012-ci ildə təqdim edilən bu alqoritm 2016-cı ildəki yenilənməsi ilə real-time olaraq fəaliyyət göstərməyə başladı. Google-ın spam, “istifadəçilər üçün yox, axtarış sistemləri üçün hazırlanan sayt”lara qarşı mübarizə aparan alqoritmləri sırasına daxil olan Pinqvinin qəzəbindən uzaq olmaq üçün aşağıdakı məsələlərə fikir vermək önəmlidir.

  • Keyfiyyətli backlink-lər almağa çalışın: Alqoritm saytınıza gələn backlink-ləri analiz edir ki, pul ilə aldığınız backlink paketləri SEO nəticələrinizə mənfi təsir göstərə bilər. Sizin xəbəriniz olmadan belə zərərli saytlardan sizin saytınıza keçidlər olarsa, onları müəyyən etdikdən sonra həmin keçidləri zərərsizləşdirməlisiniz. Bir də bir saytdan 3-dən çox backlink almamağa çalışın, hətta həmin saytın Pagerank-i yüksək olsa belə.
  • Unikal və keyfiyyətli kontent: Yuxarıda qeyd etdiyimiz kimi Pinqvin alqoritminin də əsas hədəfi spam saytları cəzalandıraraq (Google penalty) axtarış nəticələrindən təmizləməkdir. İşin müsbət tərəfi isə alqoritmin unikal və istifadəçiləri üçün maraqlı kontent paylaşan saytları ilk sıralarda çıxardaraq mükafatlandırmasıdır. Məhz, buna görə Bill Geytsin “Kontent şahdır” sitatının əvvəlinə “unikal və keyfiyyətli” sözlərini  yazıb, qulağımıza sırğa etməliyik. :)

Pinqvin alqoritminin real-time fəaliyyət göstərməsinin əsas üstünlüyü saytda yaxşıya doğru etdiyiniz dəyişikliklərin qısa zaman içərisində nəticə verməsidir. Pinqvin alqoritminin digər üstün xüsusiyyəti isə saytınızda olan hansısa spam səhifəsini cəzalandırarkən bu ancaq həmin səhifəyə təsir göstərir, ümumilikdə saytınız cəza almır.

(Superfastbusiness.com)

Sıradakı alqoritmimizin adı Kalibridir (Hummingbird). Google-un 15 yaşı tamam olarkən axtarış keyfiyyətini artırmaq üçün yaratdığı və yenilədiyi alqoritmlərdən biri də Hummingbird idi. Google mütəxəssislərin verdiyi məlumata görə bu alqoritm ilk 1 ayda axtarış nəticələrinə nə az, nə də çox 90% təsir göstərib.  Alqoritmin əsas məqsədi geniş söz tərkibli (cümlə, söz birləşməsi şəklində) axtarışlarda daha yaxşı nəticələr əldə etməkdir. Bununla da söz birləşmələri şəkilində açar sözlər (long tail keywords) üzərindən SEO strategiyalar hazırlamaq və bu əsnada hədəf kütlə ilə empati qurmaq böyük önəmə sahib olmuşdur.

Hummingbird alqoritminin sahib olduğu daha bir özəllik isə axtarış zamanı sağ yuxarı küncdə İnformasiya Qrafikinin (Knowledge Graph) çıxmasının ön plana çəkilməsi idi. Bununla da Google istifadəçilərin Wikipedia saytına keçməsini istəmədiyini açıq-aşkar göstərmişdir. 

Google istifadəçi məmnuniyyətini artırmaq üçün öz alqoritmlərini elə sürətlə inkişaf etdirir ki, onu izləmək belə bəzən mümkünsüz olur, nəinki haqqında bloq yazmaq. Bu bloq yazısında çalışdıq ki, əsas alqoritmlər haqqında ilkin məlumatları sizinlə paylaşaq. Növbəti bloqlarda alqoritmlər haqqında ən yeni məlumatları sizinlə paylaşmağa hazırlaşırıq. Necə deyərlər “Stay tuned, and look for more blogs” :)

BİZİ İZLƏYİN