Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Hesabat zamanıdır!
Brandup
Brandup
10 Yan, 2020
1359

Hesabat zamanıdır!

Ətrafda hər kəsin hesabat hazırladığı ərəfədə mən də bir az bu haqda danışmaq qərarına gəldim.

Hesabat – bu sözü deyəndə ilk olaraq ağlınıza nə gəlir? Saysız-hesabsız kağızlardan və rəqəmlərdən ibarət sənədlər, fayllar, rəqəmlər, rəqəmlər, rəqəmlər...
Sözün özü də açığı bəzən qorxulu səslənə bilər. 
Müəyyən müddət əvvələ qədər mənim də hesabatlara qarşı simpatiyam yox idi, hər ayın sonu qorxulu yuxu kimi yaxınlaşırdı.
Dərin araşdırma və əldə olunan müsbət nəticələrdən sonra özümü hesabatlar aləminə daha yaxın hiss etməyə başladım. 
Sən demə bu o qədər də sıxıcı və qorxulu deyil, hələ üstəlik o qədər faydalı servis var ki, hesabatları gözqamaşdıran edən. (servislər haqqında növbəti seriyada :) ) 


Gəlin, müəyyən edək: Biz niyə aylıq hesabat hazırlayırıq? 
Müştəriyə müəyyən müddət ərzində etdiklərimizi, əldə etdiyimiz nəticələri, onlara əsaslanaraq növbəti aylar üçün hazırladığımız fəaliyyət planını göstərmək üçün aylıq hesabatlar hazırlayırıq. Qarşı tərəf layihəyə etdiyi investisiyanın havaya getmədiyini görməli və ən əsası hiss etməlidir. Hesabatlar isə hər ikisi üçün əla vasitədir.

Hesabatı hansı növ sənədlərdə hazırlaya bilərik? 
Əsasən, hesabatlar ofis proqramlarında hazırlanır (Excel, Word və Power Point).
Sadəcə olaraq sırf hesabatlar üçün Excel və Word yetərli olmaya bilər, nəticə sıxıcı, yalnız rəqəmlərdən ibarət olarsa, qarşı tərəfdən istədiyiniz geri dönüşü almaya bilərsiniz. 
Powerpoint vizual cəhətdən hesabatınız üçün daha geniş imkanlar təqdim edir. Fərqli diaqram və qrafiklər, animasiyalar, şablonlar və daha nələr. Bu həm də sizin işinizə nə dərəcədə həvəslə və ciddi yanaşdığınızı da əks etdirir. Sonda isə ümumi faylı pdf formatına salıb, rahatlıqla müştəriyə göndərə bilərsiniz.

HESABAT DİZAYNI 
Brandup komandası olaraq hesabatları vahid struktur əsasında hazırlayıb, müştəriyə uyğun olaraq fərqli məlumatları yerləşdiririk. 
Dizaynda əsas olan ümumi məqamlar:
- Sizin və qarşı tərəfin loqotipləri
Mütləq şəkildə təqdimatın daxilində (əvvəllində və ya sonunda) sizin və qarşı tərəfin loqotiplərini yerləşdirin. Freelance-lərə kiçik tövsiyə: özünüz üçün sadə kiçik loqotip hazırlayın və ya ad soyadınızı sevdiyiniz şriftlə yazıb hesabatlarda istifadə edin. 
- Sizin korporativ rənglərdən və şriftlərdən istifadə
- Ümumi mətnlərin səliqəli formada, hər bir səhifədə eyni şriftlə olması 
- Foto və ya müəyyən screen-lərdən istifadə edilirsə, onların keyfiyyətli və səliqəli olması.

Hesabatı nədə yığacağımızı və dizayn məsələlərinə aydınlıq gətirdik, bəs ona nələri əlavə edək?
İlk öncə demək istəyirəm ki, sizin 5 müştəriniz varsa, 5 növ, 100 müştəriniz varsa 100 növ hesabatınız olmalıdır. Söhbət ümumi struktur və dizayndan yox, orada qeyd edəcəyiniz məqamlardan gedir. 
Hesabata daxil edəcəyimiz metrikalar məhsuldan/xidmətdən və hesabatın periodundan asılı olaraq dəyişə bilər. Bütün bu faktorları nəzərə alaraq vacib məqamları (lid sayı, “reach” və "engagement” göstəriciləri, zəng sayı və s) müəyyənləşdirib, daxil edirik.

Bəs əsas göstəricilərdən əlavə hesabatda nələr olsa yaxşıdır? 
Gələcək ay üçün planlaşdırdığınız yenilikləri, ay ərzində tətbiq edilən yeniliklər və alətlər, göstəricilərlə paralel çıxardığınız nəticələr (müsbət və ya mənfi). 
2-ci aydan sonra isə göstəriciləri müqayisəli formada əlavə etsəniz işinizin keyfiyyətini və hər ay artan nəticələri birbaşa nümayiş etdirə biləcəksiniz. Bu da qarşı tərəfin sizə qarşı güvənini artıra bilər. 
Beləliklə, əsas açar məqamlarla tanış olduqdan sonra gəlin bunu bir sxem halına salaq və hesabat üçün misal struktur təyin edək.

ARDICILLIQ
- Hesabat müddəti üçün təyin olunmuş strategiya və hədəflər
- Sosial şəbəkənin ümumi statistikası (Facebook üçün son 28 gün statistikaları, Instaqram üçün isə hər həftə sonu təqdim olunan nəticələr)
- Qarşı tərəf üçün açar məqamların statistikası ("reach", "engagement rate", sayta keçid, paylaşım, ismarıc və şərh sayı, yadda saxlama sayı ("save"), səhifənin auditoriyası, toplanılan lid və s.)
- Kontent üzrə statistika (ən yaxşı və ən zəif nəticələri olan postlar)
- Ads manager göstəriciləri
- Göstəricilərdən çıxardığımız nəticələr (atdığınız addımların uğurlu və ya uğursuz olması)
- Növbəti ay və ya aylar üçün təyin etdiyiniz fəaliyyət planı/strategiya və KPI-lar 
 
Düşünürəm ki, yuxarıdakı məlumatlara əsaslanaraq kifayət qədər maraqlı və gözoxşayan hesabat hazırlaya biləcəksiniz. Növbəti yazımda sizinlə statistika servislər haqqında danışacam. Məhz bu servislərindən əldə etdiyiniz göstəricilər sayəsində hesabatı daha da mükəmməlləşdirə biləcəksiniz.

 

Müəllif: Almaz Quluzadə 

BİZİ İZLƏYİN