II hissə - Bir az da ortaya gətir.
16 Sen, 2017
Tamerlan İsmayılov
Tamerlan İsmayılov
755

II hissə - Bir az da ortaya gətir.

Birinci hissədə brendinqin necə əhəmiyyətli olduğundan danışmışdıq, indi isə konkret həll yollarından söz açmaq zamanıdır.

Əvvəlcə gəlin ondan başlayaq ki, necə ki, deyirik marketinq bir sistemdir, eləcə də onun tərkib hissələri olan elementlər də özlüyündə ayrıca bir sistemdir və bu sistemlər birləşərək bəzən sadə, bəzən mürəkkəb prosesləri əmələ  gətirir. Bəzən bu proseslər gözlə görülən, ölçüləbilən, bəzən isə tam əksinə olur, bununla barışmaq və başa düşmək məcburiyyətində qalırıq. Məhz belə elementlərdən biri də brendinqdir. Brend anlayışı və brendinq əsasən emosional məqamlara bağlıdır və daha çox şüuraltı aspektlərdə özünü büruzə verir, yəni bu məsələdə məntiq axtarmaq lazım deyil. Bəzən təəccüblənirik, “bu adi qara köynəkdir, üstündə sadəcə bir əyri xətt var deyə niyə buna 12 AZN verə bildiyin halda 95 AZN verirsən ki?!” soruşuruq hansısa tanışımızdan…

Hər şirkətin özünün vizual görünüş üslubu olmalıdır. Bu şirkətlə əlaqəli düzələn hər bir material həmin üsluba bağlı olmalıdır, qaydalar gözlənilməlidir. Çox sevdiyim bir söz var, deyir, “damlalar daşı güclü olmağı ilə yox, tez-tez düşməyi ilə parçalayır”. Brendinq də məhz belə işləyir. Onun hansısa bir zərbəsinin güclü olmasına ehtiyac yoxdur, siz xırda-xırda, zamanla müştərilərinizin beynindəki izinizi dərinləşdirirsiniz. Siz bunu tədricən, sistemli şəkildə etdikcə “loqonu böyütməyə” də ehtiyac qalmayacaq :) . Zarafat bir qırağa, bu sizi hətta maddi baxımdan da çox irəli salacaq, ilk növbədə müştəri loyallığı və inamı yaratmaqla. Sizi tanıyan və sizə inanan müştəriyə yenidən nəsə satmaq üçün daha az resurs sərf edəcəksiniz.

Dünya brendlərinə nəzər salsaq, güclü brend yaratmaq üçün ilk dərsi almaq o qədər də çətin deyil. Stabillik və ardıcıllıq, budur ilk çıxarmalı olduğumuz nəticə. Şirkətlər illərlə bezmədən eyni fontdan, rənglərdən, üslubdan, yanaşmadan istifadə edirlər ki, ondan sonra siz artıq başqa yerdə də bu rəngi, ya tərzi görəndə həmin brendi xatırlayasınız (bəzən şüuraltı).

             

             

Vizual brendinqi bir neçə vacib saydığım hissələrə bölərək daha konkret tövsiyələr verməzdən öncə ən əsas qeyd etmək istədiyim məqam var, hansı ki, müştərilərlə tez-tez bu məsələdə problem yaşayırıq. Sizin şirkətin brendinqi sizin istədiyiniz kimi olmağa məcbur deyil, bunu birdəfəlik nəzərə almaq və bununla barışmaq lazımdır. Brendinq hədəf kütlənizə uyğun və onların görmək istədikləri kimi olmalıdır. Əlbəttə, bu çərçivə daxilində sərbəstsiniz, amma yalnız bu çərçivə daxilində. Tez-tez belə hallar yaranır ki, biz tövsiyə edirik daha yumşaq, sərt olmayan bir font və rəngli konsept, daha yumşaq ad və s. Ancaq müştəri öz biznesini elə görmək istəmir, ciddi olmaq istəyir, halbuki hədəf, məsələn, səyahət etməyi sevən gənclərdir və ya məhsul meyvə-tərəvəzdir. Hədəf kütləniz gərək sizi hərtərəfli sevsin, yalnız bu formada loyallığı təmin etmək olar. Keçək hissə-hissə nəzər yetirməyə.

Loqo və korporativ üslub

Düzgün doldurulmuş brif və professional komanda ilə siz çox yaxşı bir brendinq əldə edə bilərsiniz. Əgər siz loqonuzu təsəvvürünüzdə canlandıra bilmisinizsə, bunu mütləq işi görəcək agentliklə (frilanserlə) danışmalısınız, gözləntilərinizin və alınacaq nəticənin üst-üstə düşməsini istəyirsinizsə. Loqonuzu sifariş edərkən (və ya dəyişərkən) hədəf kütlənizin sizi necə görmək istəyəcəyini nəzərə alın. Müasir fontlardan, rənglərdən istifadə edin. Elə bir nəticə olmasına çalışın ki, unikallıq olsun, sizi ilk baxışdan kimləsə səhv salmasınlar, xüsusilə rəqiblərdən tam seçilə biləsiniz. Bir də çox böyük olan, artıq beyinlərdə oturuşmuş brendlərdən ehtiyatlı olmaq lazımdır, sizi asanlıqla onlara bağlaya bilərlər və fərqli sektorlardasınızsa, bu sizin yalnız ziyanınıza işləyə bilər. Brendinq sifariş edərkən minimal korporativ üslub paketini və istifadə qaydalarını da əldə edin, buna maddi resurs ayırmaqdan çəkinməyin. Bu sizin simanızdır və rahatlıqla minimum 5 il (dünya üzrə orta rəqəm 7-10 ildir) dəyişməyə bilərsiniz. 5 il geyinməyi planladığınız bir köynək alsanız, inanıram ki, onu ən keyfiyyətli markadan əldə etməyə çalışardınız.

SMM

Sosial media kanallarınızın idarə olunmasında vizuallıq baxımından nəzərə almalı olduğunuz əsas məqam stabillikdir. Dizaynlarınız bir-birini tamamlamalı, bənzəməlidir. İstifadəçilər ana səhifədə gəzişərkən hər posta 1 saniyə, bəzən ondan da az zaman ayırırlar, ilk baxışdan diqqəti çəkmədisə, şansını itirdi. Xüsusilə instaqram üçün tövsiyə olunan açıq tonlar, parlaq, keyfiyyətli şəkillər hər bir səhifəyə qısa zamanda böyük istifadəçi kütləsi qazandıra bilər. Həmçinin paylaşımları edən zaman özünüzə bir cədvəl yaratmağı unutmayın, paylaşımları xaotik yox, rejimlə etsəniz, cəlb olunma faizinin (engagement rate) nə qədər müsbətə doğru dəyişdiyinin şahidi ola bilərsiniz.

Bir öncəki məqalədə brend arxetipləri və brendlərin xarakteri barədə danışdıq. Nəzərə alın ki, SMM sizə insanlarla gündəlik ünsiyyət şansı verir, yaratmaq istədiyiniz obrazı müəyyən edin, bir strategiya yaradın və bu ünsiyyət vasitəsilə ötürün. Dizaynlarınız, kontentiniz, hamısı bir ideyaya, konseptə xidmət etməlidir.

Reklam

Reklamlar bildiyiniz kimi, bir neçə qrupa bölünür, bunlardan biri də xatırladıcı reklam növləridir. Hansı ki, bizim onları qısa zaman kəsiyində görmə imkanımız olur və onlar özündə çox az yazı ehtiva etməlidir. Nə qədər ki, biz ənənəvi reklam vasitələrində, SMM-də insanları öz korporativ üslubumuza öyrəşdirsək, xatırladıcı reklam vasitələrindən də bir o qədər effekt görmüş olarıq. Məsələn, yerli bazarda Carabao, Red Bull, ExpressBank, Azercell buna yaxşı misaldır, addımlı şəkildə düşünülmüş plan sayəsində, artıq biz bir göz qırpımında onların reklamlarını tanıya bilərik. Psixoloji, sosioloji baxımdan bunların effekti çox ciddidir. Günümüzdə neyromarketinq inkişaf edir və bizə bəzən edib də niyə etdiyimizi sonacan dərk etmədiyimiz qərarların səbəblərini açıqlamağa çalışır. Reklam və onun həqiqi təsiri barədə Buyology kitabının adını çəkdik, daha bir qeyd etmək istədiyim kitab isə, “Roger Dooley – BrainFluence”-dir. Bol məlumat və trendləri özündə birləşdirib, məsləhətdir. Bu kimi siyahını çox artırmaq olar, bu mövzular barədə oxumaq və trendləri izləmək mütləqdir.

Vizual brendinqlə bağlı bu qədər. İnanmaq istəyirik ki, diqqətinizi bu məsələyə kifayət qədər çəkə bildik və bundan sonra bu istiqamətdə atacağınız addımlarda araşdırmaya zaman ayıracaqsınız, keyfiyyətli işin ərsəyə gəlməsinə daha da ciddi yanaşacaqsınız. 

Trend demişkən, son olaraq da dünyada və ölkəmizdə ciddi müzakirə mövzusuna çevrilən rebrendinq mövzusuna da toxunmaq istəyirəm. Bunu nə zaman etmək olar və nələrə diqqət edilməlidir, qısaca cavablandıracam.

  • Hədəf kütləsinin dəyişməsi
  • Mövqelənmədə olan dəyişikliklər
  • Uğursuz reputasiya
  • Ortaqlardan birinin və ya bir neçəsinin ayrılması
  • Yeni rəhbərin təyini və şirkətdə fundamental yenidənqurma
  • Mövcud brendinqin köhnəlməsi
  • Lokal bazardan qlobal bazara çıxma
  • Rəqiblərdən tam fərqlənmək istəyi

Adətən əsas səbəblər bunlardır. Bir də ölkəmizə xas xüsusi bir punkt əlavə etmək istərdim: “Qonşudan qalma dala” :) . Lazımsız, məqsədsiz rebrendinqlər günümüzdə nadir tapıntı deyil. Yuxarıdakı səbəblər olmadığı təqdirdə rebrendinq etməyi tövsiyə etmirik, ümumiyyətlə bu mövzularda ciddi mütəxəssislərlə məsləhətləşmək sizi hər cəhətcə önə salar.