İlhamlan və yarat
5 Dek, 2018
Tələt Əliyev
Tələt Əliyev
34

İlhamlan və yarat

Musiqiçilər musiqi alətlərində ifa etmək üçün notları, rəssamlar rəsm çəkmək üçün rəsm əsərlərini, yazıçılar isə yazmaq üçün ilk öncə əlifbanı kopyalayaraq öyrənir. Məşğul olacağımız sahənin özümüzdə düzgün təməlini atmaq üçün biz kopyalamağa ehtiyac duyuruq. Kopyalamağın köməyi ilə təməli bərkidə bilirik, bundan sonra isə zamanla biz öz ideyalarımızı, variasiyalarımızı həyata keçirməyə başlayırıq.

Kopyalamaq, nəyinsə tamamilə surətini çıxarmaq deyil. Bu kontekstdə kopyalamaq, nəyinsə strukturunu, ideyasını, üslubunu araşdırıb əvəz etməkdir. Bundan əlavə bizim məqsədimiz əldə etdiyimiz materialı daha yaxşıya doğru dəyişmək, başqa elementlərlə uyğunlaşdıraraq daha yaxşı nəticə əldə etməkdir.

Yolun başlanğıcında digər yaradıcı insanların işlərini ancaq izləmək və nəzərdən keçirmək onların daxili strukturunu başa düşməyə kömək etmir, çünki göz ilə görünməyən detallar arxa planda qalır. Kopyalamaq üslubun quruluşunu istifadə etməyə və kopyaladığınız müəllifin məntiqini anlamağa kömək edir. Adətən başlanğıcda biliklərimiz təəssüf ki, istədiyimiz qədər olmur, lakin təcrübələr etdikcə istədiyimiz səviyyəyə çatmağımız mümkündür.

 

Misal üçün, Tomas Edison lampa ixtira etməyib, o, lampanı kommersiya cəhətdən istifadəyə verən ilk şəxs olub. Yaxşı nəticələr ideyaların birləşdirilməsi ilə yaranır, onları birləşdirərək yaradıcı addımlar etmək və bununla tarixin ən böyük inkişaflarına nail olmaq olar.

Kopyalamağa qarşı mənfi yanaşma və bu səbəbdən hər kəsə boykot elan edilməsi bəzi platformaların heç vaxt mövcud olmamağına səbəb ola bilərdi, bəzi şirkətlərin inkişafına maneə ola bilərdi. Misal üçün, başlanğıcda Vkontakte saytının Facebook-dan demək olar interfeys və funksionallıq baxımından fərqi yox idi, necə ki, Instagram Stories-in Snapchat platformasının təməl funksiyasından. Nəticədə hər iki nümunə hal-hazırda kütləvi istifadə olunur və əsas mənbələrindən fərqli olaraq, daha maraqlı xüsusiyyətlərə malikdir.

Uğurlu inkişafın mahiyyəti onların kütləvi tətbiqindədir. Kopyalamağa ehtiyac cəmiyyət üçün mənfi və qeyri-adı olmamalıdır, çünki o inkişafı sürətləndirir.

Bundan əlavə, kopyalanmaq yaradıcı insan üçün tərifidir. Google irəliləyəndə digər şirkətlər tərəfindən kopyalanması böyük rol oynayıb. Bir neçə nəsildən sonra onlar yada düşməyəcək, amma hər kəs qurucunun adını xatırlayacaq. Kopyalanmaq – rəqabət aparmaq üçün yaxşı motivasiyasıdır.

Hər bir yaradıcı insan bilməlidir: heçnə yoxdan əmələ gəlmir. Orijinal heç nə yoxdur və yaradıcılığın bütün nəticələri əvvəllər yaradılmışdır.

"... günəş altında yeni bir şey yoxdur."

- Vaiz 1: 9

"Steal Like an Artist" kitabında müəllif Ostin Kleon, yaradıcı insanlara başqalarından “oğurlanmış” materiallar üçün bir qovluq yaratmağı tövsiyə edir. Fiziki və ya virtual – fərq etməz. Kimsə xüsusi bir albomda yerləşdirir, bəziləri smartfonlarında və ya digər cihazlarda saxlayır. Oğurlamağa layiq hansısa bir material görəndə, oğurlanmış file-lara əlavə edin və ilhama ehtiyac duyanda, həmin materialları izləyin, belə siz özünüz üçün “vizual baza” yaratmış olacaqsınız. Əlavə olaraq, bu materialları illər ötdükcə yeniləməyi tövsiyə edirəm, çünki bir müddətdən sonra trendlər və sizin zövqünüz dəyişir.

Kopyalama bir mərhələdir, hansı ki sənətin mənimsənilməsi üçün ayrılan zamanı qısaltmağa kömək edir. Yaxşı nəticəyə doğru kopyalamağı bacaran və gördüyü işin səviyyəsini yüksək tutmaq istəyən şəxs daha sürətlə irəliləyir, nəinki ancaq özünün unikal yanaşmasına fokus olan.