Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Koronavirus markaların tacını düşürürmü?
Brandup
Brandup
21 mar, 2021
2488

Koronavirus markaların tacını düşürürmü?

Elə adından başlayaq. 2002-ci ildən SARS adı ilə çıxıb, sarsılmayan virusa bənzər COVID-19 virusu "vid"inə əsasən taca bənzədilir. Alimlər də eləməyib tənbəllik, ya da tənbəllikdən elə Koronavirus adlandırırlar. Bu adlandırma da “Corona” pivə brendi üçün düz 132 000 000 Funt sterlinq ziyanla nəticələnir. İnsanlar artıq bu adla içki istəmirlər. Yeni xəbərlərə əsasən şirkət məhsulunun adını Ebola olaraq dəyişdirir. 

İnanmıram ki, bu məsələdə Heineken və ya Carlsberg brendi ilə gizli anlaşma ehtimalı olsun :D 

İnanıram ki, markada adlandırma çox önəmlidir. Hələ ölkəmizdə “Tri Korona” binalarında yaşayan insanlardan bir reaksiya gəlməsə də, yəqin ki, ümumilikdə təsirsiz ötüşməyəcək. Necə ki, bir ara “sabahın xeyir” ilə başlayan video ölkədə Kral kolbasalarından tutmuş, Kral şadlıq sarayının imicinə təsirini göstərmişdi.

Bu məqam adlandırmada vacib olan bir xüsusiyyəti dərs olaraq xatırladır – Unikallıq. İstər dəyəri milyonlarla ölçülən şirkət olsun, istər kiçik biznes, ad ümumişlək söz olduqca, sözün başına gələn hadisə markaya da təsir edəcək. Sabah alimlər hansısa xəstəliyə alma qurdu adı versələr, dünyanın ən öndə gedən “Apple”  şirkətini də istehzalı memlərdən heç kim sığortalamayıb. Bunun üçün şirkətlər ya unikal ada məxsus olmalıdırlar ya da böhranı fürsətə çevirmək qabiliyyətləri olmalıdır ki, ziyanla ötüşməsinlər.

Böhranı fürsətə çevirmək deyildikdə hər zaman KFC-nin məşhur bir keysi yadıma düşür. 

Elə Koronavirus zamanı yaranan böhrandan da KFC çox gözəl yararlanır. 1956-cı ildən şirkətə məxsus "finger lickin' good" sloqanından barmaqları yalamağın təhlükəli olduğu dönəmdə də vaz keçmir, vazkeçilməz dadı yenidən xatırladırlar.

Fövqəladə hallarda RTM (Real Time Marketing) cəlbedici olmaqla yanaşı, çox təhlükəlidir. Dünya üzrə uğurlu işlər barmaqla sayılacaq olduğu halda, ölkəmizdən təqdirəlayiq iş gözləmək sadəlövhlük olar. Burada mövzu ilə əlaqədar olduğu üçün nəzərinizə çatdırmaq istədiyim bir neçə yerli postu qeyd edirəm. 

Qeyd etdiyim postlarda ümumi fikir bildirməyi, tənqid və tərif etməyi də sizin ixtiyarınıza buraxıram.

RTM olaraq post etməsələr də yerli təqdirəlayiq hesab etdiyim digər bir addımı qeyd etməyi özümə borc bilirəm. Virusun özü ilə gətirdiyi çətinliklər zamanı KSM (Korporativ Sosial Məsuliyyət) addımı olaraq vətəndaşlara dəstək olmaq, şirkətlərin adi zamanlarda itirdiyi imici geri qaytarmağa və insanların sevgisini qazanmağa səbəb olur. AZERCELL şirkətinin rominqdə olan abunəçilərin  balansına 50 AZN köçürməsi, bütün müştəriləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) zənglərin ödənişsiz olmasını təmin etməsi bizə böyük dəstək və digər markalara örnəkdir. 

Markalara örnək ola biləcək digər məqam yaradıcı insanların operativ reaksiyasıdır. Hadisələrə yanaşma göstərdi ki, yanlış istiqamətdə olsa da insanlarımızın yaradıcılıq potensialı çox yüksəkdir. Güldürən Whatsapp səsli mesajları, Korona və virus sözləri ilə edilən söz oyunları və s. “El ilə gələn bəla toy-bayramdır” sözünü təsdiqlədi. Dünyada da bu istiqamətdə çoxlu paylaşımlar edildi.

Qoruyucu maskaların markaların tərzində təqdimatı:

Keçirilməsi sual altında qalan TOKYO 2020 Olimpiyadasının loqosu:

Və digər markaların loqoları yaradıcılığın sərhədsiz olduğunu göstərib, kefimizi açdı.

Situasiyalara pozitiv yanaşma gözəldir, Coronavirus testindən “Positive” cavab gələnə qədər. Odur ki, vəziyyət daha ciddidir və daha ciddi münasibət tələb edir.

Yaradıcılığı faydası ilə yanaşı markanın xüsusiyyətlərinə bağlamaq daha uğurludur. Misal olaraq, Rusiyanın internet və kabel TV provayderinin işini təqdim edirəm. “DOM.ru” adlanan provayder adından və evdə internet xidməti özəlliyindən istifadə edərək Facebook profil şəkli üçün belə çərçivə hazırladı. 

Evdən işləmək digər sahələrə nisbətən rəqəmsal agentliklərdə daha mümkün olduğu üçün bir çox yerli şirkət də operativ şəkildə bu qərara gəldi. Brandup bu qərarı verən və paylaşanların sırasında ilklərdən oldu. 

Düşünürəm, belə zamanda şirkətlərin marketinq şöbələri və agentliklər həkimlər qədər olmasa da, ən az onların zəhmətini düşünüb, vəziyyətdən çıxış yoluna yardımı düşünməlidirlər. Buraya bir çox köklü və səthi marketinq qərarları daxil ola bilər. Onsuz da işləməyən otelləri xəstəxana kimi dövlətə təqdim etməkdən tutmuş, insanların daha çox yoluxmasının qarşısını almaq üçün çörəkləri plastik paketdə satmağa qədər. Təbii ki, çörəyi aşağıdakı video tərzində paketləməmək şərti ilə :)

Koronavirus təhlükəsi sovuşana qədər özünüzü qorumağı və markalarınızın tacını düşürmək əvəzinə necə başına tac qoymağı düşünməyinizi tövsiyə edirəm.

 

Müəllif: Ağarəcəb Cəfərov  

 

BİZİ İZLƏYİN