Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Ortaq dilimiz - emojilər
Brandup
Brandup
8 Sen, 2021
1565

Ortaq dilimiz - emojilər

Emojilər yazışmalarımızın ayrılmaz hissəsinə çevrilib. Hətta o qədər çox istifadə edirik ki, bəzən yazışmalarda emoji istifadə etməyi unutduqda qarşı tərəfin yanlış anlamasına gətirib çıxara bilir. Bu, özünü nəinki dostlarınızla münasibətə, hətta müştəri əlaqələrinə də təsir edir. Bloqda emojilərin önəmindən, biznes mühitində istifadə qaydalarından yazmışıq. Bu dəfə xüsusilə, emoji istifadəsində arxa planda yatan məqamları önə çıxarmağa çalışacağıq.


Elə isə başlayaq...

Öncəliklə, emojinin necə yaranmasına nəzər salaq. Ötən əsrin 80-ci illərində kompüter elmləri alimi Scott Fahlman yazışma edərkən duyğularını tam ötürə bilmədiyinin fərqində olaraq nöqtə və mötərizə istifadə edib ilk dəfə gülən üz hazırlayır :)

Artıq 90-ci illərin sonunda bu işarələrin istifadəsi daha geniş auditoriyaya çatır və Yaponiyada fərqli istiqamətlərə inteqrasiyaya edilməyə başlanılır. Texnologiya inkişaf etdikcə, emojilər də fərqli formalarda sayı artır.

Biraz statistikadan danışaq: Emojilərdən istifadə paylaşımlarımıza necə təsir edir?

Hazırda internet istifadəçilərinin 92%-i emojilərdən gündəlik istifadə edir. Araşdırmalar göstərir ki, izləyicilər Feysbukda emoji gördüyü zaman bu, bəyənməyə 57%, şərh yazmağa isə 33% müsbət təsir edir. Ümumilikdə, emojilər paylaşımlara olan reaksiyanın nəticəsini 25% qaldırır.

Emojilərdən niyə istifadə etməliyik sualına cavabımız yəqin ki, ilk bu olacaq: Hisslərimizi daha yaxşı ifadə edir. Onlayn kommunikasiyada hissləri düzgün şəkildə ötürmək əlbəttə ki, ən vacib amillərdən biridir. Hətta emojiləri görərkən o ifadə qarşı tərəfdəki şəxsə və ya markaya adaptasiya edilir. Burada çatdırmaq istədiyimiz əlavə məqamlar da var. Məsələyə fərqli baxış bucağından baxıb digər arqumentlərə nəzər salsaq:

1. Emojilər haqqında çox işlədilən “atalar sözü” var: Onlar dünyanın ortaq dilidir. Yazdığınız mətn, bloq və ya mesaj hansı dildə olursa olsun, emojilər sizin hansı istiqamətdə danışdığınızı və hisslərinizi qarşı tərəfə ötürür.

2. Kopirayterin sağ əli – bəzən fikrimizi detallı şəkildə ifadə etmək əvəzinə onu 1 emoji ilə daha qısalda və konkretləşdirək bilərik. Bu, həm mesajınızı daha dəqiq ötürəcək, həm, vaxta qənaət edəcək, həm də qarşı tərəf bunu tam hiss edəcək. Unutmayın, izləyicilər uzun mətn oxumaqdan daim çəkinir.

3. Neqativliyi azaldır – kommunikasiyada yazı tərziniz nə qədər yumşaq olsa da, üz-üzə ünsiyyətin əksinə, yanlış anlaşılmalar daha çox baş verir. Emojilər fikirlərinizin doğru şəkildə çatdırılması üçün əvəzedilməz tamamlayıcılardır. Onlar səmimiyyət və dostca münasibəti daha uğurlu şəkildə ifadə edir.

 

4. Bildirişlərin qüvvətləndiriciləri  - hər hansısa mobil tətbiqdən və ya imeyldən gələn bildirimlərə nəzər salsanız, emojilərdən kifayət qədər istifadə edildiyinin şahidi olarsınız. Bu heç də boşuna deyil. Bildirimləri emojilərlə göndərmək izləyicinin diqqətini daha çox çəkir və həmin an məlumat almaq istəyi biraz da qüvvətlənir. Məsələn, günorta saat 13:00-da yemək sifarişi tətbiqetmələrinin birindən endirimli nahar menyusu olduğunu və yanında həmin yeməklərin emoji ilə ifadə olunduğu ilə qarşılaşsanız, şübhəsiz ki, daha çox acıb almaq istəyəcəksiniz. Qısaca, “düzgün zaman, düzgün mesaj və düzgün emoji” effektiv nəticə göstərəcək.

Emojilərdən istifadə etmək nə qədər əyləncəli olsa da, işin nisbətən çətin görünən tərəfləri də var. Aşağıda sadalananlar araşdırma və düzgün qərarvermə tələb edir.

Emojilərdən istifadə edərkən nələrə diqqət etmək lazımdır?

Kontentə görə planlama: Emojilər kontentinizin tamamlayacısı və ya nöqtəsidir deyə bilərik. Buna görə də, bəyəndiyiniz emojiyə görə cümləni dəyişdirmək əvəzinə, kontentinizə uyğun emoji paylaşmaq daha məqsədəuyğun hesab edilir.

Bəzən paylaşımların hər cümləsindən sonra emoji görə bilərsiniz. Çox vaxt auditoriyanı qıcıqlandıran məqamlardan biri məhz bu olur. Ona görə də, emojilərin 4-dən çox istifadə edilməsi məsləhət görülmür. Bu, həm sizin, həm də brendinizin dəsti-xəttini korlaya bilər.

Platformaya uyğunlaşmaq: Sosial şəbəkələr arasında İnstaqram rahatlığı, Linkedln isə ciddiliyi göstərərək fərqləndirilir. Paylaşım edərkən bu sualı cavablandırmaq işinizi rahatlaşdıracaq. “ İstifadə edəcəyim emoji bu platformaya və kontentimə nə qədər uyğundur?

Əsas məsələ - auditoriya: Kontentinizi hazırlayarkən əlbəttə ki, öz izləyicilərinizi nəzərə almağa üstünlük verirsiniz. “Hazırladığınız paylaşım auditoriyanıza uyğundurmu? Onlar sizin nə demək istədiyinizi fərqləndirə biləcəklərmi?” və s. Bu suallar emojilər üçün də verilməlidir. Məsələn, təsəvvür edin ki, siz iş adamısınız və səhifəniz biznesyönümlüdür. İş çantası, saat, dəftər tərzində emojilər sizi daha dəqiq ifadə edəcək.

Mütəmadi sınaqdan keçirmək: Biznesiniz yenidirsə və ya auditoriyanızı tam analiz edə bilməmisinizsə, bu zamanı rahatlıqla dəyərləndirə bilərsiniz. Tanıma müddətində izləyicilərinizin nəyə daha çox reaksiya verdiyini ölçə və ya stori bölməsində müxtəlif suallarla onları daha qısa zamanda öyrənmək şansınız olacaq. Məsələn, “Səhifəmizi bir emoji ilə necə ifadə edə bilərsiniz?, Hansı emojiləri səhifəmizdə görmək sizi sevindiri?” və s. Bu həm də səhifənizə interaktivlik baxımından müsbət təsir edəcək.

Markanızı unudulmaz etmək: Araşdırmalar göstərir ki, markaların onlayn kommunikasiyada daha çox istifadə etdiyi emojilər onları xatırladır. Müştəri daim həmin simvolu gördüyü üçün artıq istənilən yerdə gördükdə markanı təkrar hiss edəcək. Emojilər sizin ötürmək istədiyiniz mesajı və hissləri daha dəqiq ifadə edir.

İstər markanız, istər də şəxsi brendinq üçün daim istifadə etdiyiniz emojilərin olması müsbət haldır. Sosial şəbəkələrin bir çoxunda, İos və Androidin elə özündə də, üz cizgilərinizi qeyd etməklə özünüzə uyğun avatar hazırlaya bilərsiniz. Hazırda bəzi səhifələr, Yutub kanalları bu istiqamətdə irəliləyir. İzlədiyimiz amma üzünü görmədiyiniz şəxslər yəqin ki, kifayət qədərdir.

Bonus məlumat: Hər il 17 iyul – Dünya Emoji Günü kimi qeyd edilir. Gələn ilki kontent planınızda bu özəl gündən də uğurlu kommunikasiya üçün rahatlıqla istifadə edə bilərsiniz. Aşağıda isə sizə 2021-ci ildə istifadə edilən “Top 10 emoji”ni təqdim edirik. 

 

Çalışdıq ki, emojilərin vacibliyini və əsas məqamları bu bloq vasitəsilə sizə çatdıraq. Arzulayırıq ki, ruh halınız daim smileylaugh emojilərdən istifadə etdirsin.

Bloqu oxuduğunuz üçün təşəkkür edirik!

 

BİZİ İZLƏYİN