Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Pinterest marketinq aləti kimi
Brandup
Brandup
23 Avq, 2021
1561

Pinterest marketinq aləti kimi

Yəqin ki, ara-sıra Pinterestə daxil olub trendlər, fərqli geyimlər və ya yeni profil şəkliniz üçün axtarış edirsiniz. Bəs məhsul və ya xidmətinizi tanıtmaq, satışı artırmaq üçün Pinteresti marketinq kanalı kimi istifadə etməyi heç yoxlamısınızmı?

Bu günkü bloqumuzda sizə Pinterestin marketinq aləti kimi vacibliyindən danışacağıq.

Öncəliklə, son statistikalarla tanış olaq. Araşdırmaya əsasən, platformanın hazırda 478 milyon istifadəçisi var və bu rəqəm gündən-günə artır. İstifadəçilərin 85%-i Pinterestdən yeni planları üçün istifadə edir, paylaşır hətta “pin”ləyərək sizi daimi olaraq nəzarətdə saxlayır. Təxmini 1 milyard video isə bir gün ərzində izlənir.

Azərbaycana nəzər salsaq, bu nəticələrin müəyyən qədər dəyişdiyinin şahidi olarıq. Məsələn, ötən ilin sonunda Pinterest ilk yerlərdə qərarlaşıb, daha sonra bu rəqəm bir qədər aşağı düşərək ümumi sosial media istifadəsinin 8.68%-ni təşkil edir. Son aylarda isə bu nəticə yenidən yüksəlməyə başlayaraq 10.68 % olub. Rəqəmlərin kifayət qədər yüksək olması bizi Pinterestdən fərqli istiqamətdə istifadə etmək barədə düşünməyə vadar edir.

Sual yarana bilər ki, niyə məhz Pinterest? Bu platforma bizə hansı faydaları verəcək?

Pinterestin digər sosial şəbəkələrlə bəzi ortaq cəhətləri var. Vizuallardan, həştaqlardan istifadə, digər səhifələri izləyib əlaqə yaratmaq kimi məqamlar buna aiddir. Fərqlilikləri isə aşağıdakı kimi qruplaşdıra bilərik.

  1. Vebsayt trafikinin artması – hansısa vizual və ya videonu paylaşarkən Pinterest sizə saytınızın linkini qoymaq imkanı verir. Məsələn, saytda yerləşdirdiyimiz məhsulu digər sosial şəbəkələrdə paylaşdığımız kimi eynilə burda da paylaşa bilərik. Hətta İnstaqramla müqayisədə sayta keçid etmək daha rahat olacaq. Bu zaman trafik artacaq, məhsul və ya xidmətiniz geniş kütləyə çatacaq. Nəticədə, SEO nəticələriniz yaxşıya doğru dəyişəcək ( Bounce rate, trafik və s.)
  2. Brendin tanınması – Bəzən ödənişsiz kanalları tam yoxlamadan reklama keçid edib pul xərcləməyə başlayırıq. Xarici marketoloqlar reklam mərhələsinə çatana qədər əlimizdəki bütün ödənişsiz vasitələrdən istifadə etməyin daha uğurlu olacağını bildirir. Bu, həm az büdcədə çox nəticə, həm də brendin tanınması deməkdir. Eyni zamanda, müxtəlif platformalardakı fərqli müştəriləri tanıyacaqsınız və reklam mərhələsində müştərilərinizi daha dəqiq analiz edərək qərar verəcəksiniz.
  3. Satışın qalxması  - Pinterest istifadəçiləri vizuala daha çox önəm verir və daim axtarışdadır. Məhsullarınız haqqında məlumat verdiyiniz səhifəyə keçid verib daha çox müştəri ilə əlaqə yarada bilərsiniz. Bu da öz növbəsində satışın artmasına və auditoriyanın genişlənməsinə yardımçı olacaq. Məsələn: Təsəvvür edin ki, siz aksesuar satışı ilə məşğul olursunuz və məhsul haqqında məlumatı həm sayta, həm də İnstaqrama yerləşdirmisiniz. Pinterestdə də yerləşdirdikdə, vizuala önəm verən auditoriyaya çatacaqsınız və satışınıza müsbət təsir edəcək.
  4. Trendləri izləmə şansı – İzləyicilər daim trendi izləyir və sevir. Müştərinin rəğbətini qazanmaq üçün faydalı və əyləncəli kontentdən istifadə etmək lazımdır. Bu kontent trend olsa, önə çıxma ehtimalınız daha da çoxalacaq. Pinterestdə daxil olduqda həm müxtəlif vizuallar, həm də yazılı kontentlə tanış olmaq mümkündür. Növbəti ay kontent planı hazırladıqda, Pinterestə də şans verməyi unutmayın ( göz vurma smile)

Bəs necə istifadə etməli? Hansı məqamlar daha çox diqqətə alınmalı?

Vizuallar - Kontent nə qədər faydalı olsa belə, izləyici vizuallara hər zaman daha çox önəm verir. Həddindən artıq yazılı postlar onları yorur, ən qısa zamanda nəticə almağa tələsirlər. Statistikalar 85% istifadəçinin vizual kontentə daha çox reaksiya verdiyini göstərir. İnstaqramın əksinə isə Pinterest sima ilə paylaşılan fotoları azaltmağı tövsiyə edir.

Həştaqlardan istifadə - Digər sosial şəbəkələrdə olduğu kimi, Pinterestə də həştaqlara yer vermək postunuzun geniş kütləyə çatmasına kömək edəcək. Necə istifadə edilməsi ilə bağlı bloqumuzu oxuya bilərsiniz.

Videolar - İnteraktivlik baxımından videoların yeri əvəzolunmazdır. Maximum 90 saniyəyə qədər paylaşmanız daha məqsədəuyğundur. Əks təqdirdə,videolarınızın izlənmə statistikası aşağı olacaq.

Mobilə adaptasiya – Təqribən 82% insanın Pinterestə mobil telefon vasitəsilə daxil olduğunu nəzərə alsaq, paylaşımları mobilə uyğun etmək lazımdır nəticəsinə gələ bilərik. 600 x 900 ölçüsü buna ideal misal ola bilər.

“Pinterest Analytics”dən istifadə - Ödənişsiz şəkildə kontentinizi tanıtmaqla bərabər siz reklamlarla da nəticənizi yüksəldə bilərsiniz. Prosesi ölçmək üçün “Pinterest Analytics” platforması sizin köməyinizə çatacaq. Platforma sizə bütün gedişatı: həm postlar, həm də reklamlarla bağlı nəticələri statistik olaraq təqdim edir. Misal olaraq, burada profilinizlə və kontentinizlə bağlı metriksləri daim izləmə şansınız var.

Ümumiləşdirsək, auditoriyanın kontenti və sizi yadda saxlaması üçün mütəmadi olaraq interaktiv paylaşımlar etmək, əlaqə yaratmaq və ya müxtəlif kampaniyalar, faydalı postlar paylaşmaq uğurlu nəticə verəcək.

Bloqu yekunlaşdırmaq zamanı gəlib çatdı. Ümidvarıq ki, faydalı məlumatlar əldə etdiniz. Oxuduğunuz üçün təşəkkürlər smiley

BİZİ İZLƏYİN