Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

SMM xidmətinə nə zaman müraciət edilməlidir?
Brandup
Brandup
3 İyul, 2019
1752

SMM xidmətinə nə zaman müraciət edilməlidir?

İlk dəfə SMM xidməti üçün müraciət edən şirkətlərlə dialoq bu cür gedir. 

M – müştəri, A - agentlik

M: Salam, biz XYZ şirkətiyik. Bizə SMM xidməti lazımdır. Qiyməti deyin, zəhmət olmasa

A: Əla, öncə sizə bir neçə sual verəcəm. Məhsulunuz haqqında nə deyə bilərsiniz?

M: Əladır.

A: Məhsulun əsas hədəf kütləsi kimdir?

M: Hər kəs. Bəli, hər kəs istifadə edə bilər.

A: Məhsulunuzu fərqləndirən məqam hansıdır?

M: Mmm...

 

Əgər SMM xidmətinə elə bu mərhələdən start verilsə, nəticənin uğursuz olacağını əvvəldən görmək çətin deyil. Əlbəttə, istisnalar da olur, belə olduğu halda icraçı özü müştərinin əvəzinə bu işi görür.

Bu yazım əsas sahibkarlar üçündür, lakin düşünürəm ki, yeni SMM mütəxəssislər də faydalana bilərlər. Bu günün sualı: “Siz nə vaxt SMM xidmətinə başlamalısınız?” Daha doğrusu, nə vaxt başlasanız effektiv olar?

Əla və lazımlı olmalı

İlk növbədə insanların məhsulunuza və ya xidmətinizə ehtiyacı olmalıdır. Əgər ehtiyac varsa, o fərqli kriteriyalara uyğun axtarışlara başlayacaq. Brendiniz hər hansı bir göstəriciyə görə (qiymət, keyfiyyət, yaxın olmağı və s.) əla olmalıdır.

Düzgün hədəf kütləsi

Məhsulunuz əla və lazımlıdır. Bəs kimin üçün? SMM xidməti kimə yönəlməlidir ki, nəticə versin? Bunun üçün şirkətin ümumi marketinq strategiyasına əsasən müştərinin portreti çəkilməlidir. Azərbaycanda yaşayan bütün kişilər və ya Bakıda yaşayan bütün analar deyə bir hədəf kütləsi yanlışdır, çünki onların yaşam səviyyələri, dünya baxışları, öhdəlikləri və qorxuları fərqlidir. Bir kütləyə maraqlı ola biləcək post digərini heç maraqlandırmaz, başqasını isə qıcıqlandırar. Postu görən şəxs “bu mənim haqqımdadır” hissini yaşamalıdır, yalnız bu halda effektivlik gözləmək olar.

Fərqlilik yaradın

İş burada bitmir. Təəssüf ki, əla və lazımlı məhsulunuzu düzgün hədəf kütlənizə təqdim etmək böyük satışlar vəd etmir. “Niyə məhz məndən almalıdırlar?” sualını verin. Niyə istifadəçi illərdi istifadə etdiyi brenddən imtina edib, sizi yoxlamalıdır? Sizi rəqiblərinizdən fərqləndirən məqamları mütləq tapın.

Bunun üçün onları yaxşı araşdırıb güclü və zəif tərəflərini müəyyən etməyiniz mütləqdir. Bu haqda yazanlar çox olduğuna görə keçək növbəti bölməyə.

Sorğularla iş

Bunu mütləq qeyd etməliyəm: SMM menecer satmır. “Mənə nə qədər satış söz verirsiniz?” – yanlışlığına görə ən sevmədiyim sualdır. Satış – sifarişçinin öhdəliyidir, SMM-in işi isə lid-in formalaşması, müraciətlərin artması və s.-dən ibarətdir.

Bunun üçün o:

Qeyd etdiyiniz kütləni cəlb edir;

Məhsulunuzu istifadəçiyə düzgün formada təqdim edir;

İstifadəçini sizə müraciət etməyə təşviq edir (telefon zəngləri, anket, sayta keçid və s.).

Bəs satışlar?

İcraçı saytınızdan cavabdehdir? Xeyr. Onun vəzifəsi izləyiciləri sayta yönləndirməkdir, lakin saytın yüklənmə sürəti aşağı və ya ümumiyyətlə interfeys “user friendly” deyilsə, satışın aşağı olmasında məsuliyyət sizin üzərinizdədir.

İcraçı ofis işçilərinizdən cavabdehdir? Xeyr, onun işi potensial müştərini ofisə yönləndirməkdir. Əgər onlar saatlarla sorğulara cavab almırsa və ya bunu səhv/kobud formada əldə edirsə, bu birbaşa satışlara təsir edir.

Bu misalları uzada bilərəm, amma dəyərli vaxtınızı çox almaq istəmirəm. Əlbəttə, əsl mütəxəssis şirkətlə birgə çalışmalıdır və bu cür problemləri görməli, sifarişçinin diqqətinə çatdırmalıdr. Bəlkə də, etməməlidir, bilmirəm. Brandup belə edir :) 

Reklam büdcəsi ayırmaq

Əgər reklam büdcəsi ayırmaq istəmirsinizsə, bu işə dünyada ən vacib olan “vaxt” resursunuzu heç xərcləməyin, çünki bütün əməyiniz diqqətdən kənar və nəticəsiz qalacaq. Belə idarə edilən səhifələr qarşımıza tez-tez çıxır. Hər postun altında isə 2 bəyənmə. Beləliklə biz brendin sahibini və admin meneceri tanımış oluruq. Bəzən isə bu elə cəmi bir like-dır.

Reklam büdcəsi ayırmaqla siz müəyyən, lazım olan hədəf kütlənizə çatmış olacaqsınız. Bu sizi brend olaraq bazarda tanıdacaq, rəqiblərinizdən nədə fərqli olduğunuzu lazımlı kütləyə çatdıracaq və əlbəttə ki, satışlara bir addım daha yaxın edəcək.

Beləliklə, biz bu gün SMM-ə başlamamışdan öncə nələrə diqqət etməli olduğunuz haqqında danışdıq. Əgər artıq özünüzü hazır hiss edirsinizsə elə indi bu brifi doldurmağa tələsin :)

Müəllif: Aynur Xan

BİZİ İZLƏYİN