Təşəkkür edirik!

24 saat ərzində sizə geri dönüş ediləcək.

Bloq

Hörümçək torunda ilişmiş sayt
Elməddin Yusifli
Elməddin Yusifli
24 İyul, 2018
1535

Hörümçək torunda ilişmiş sayt

Yaşadığımız evə olduğu kimi, veb-saytımıza da daimi nəzarət etmək mütləqdir. Evimizdə hər-hansı bir əşya sınsa, oranı təmizləyərik və ya köhnəlsə, yenisi ilə əvəzləyərik. Eynisini veb-saytımızda da etmək məcburiyyətindəyik, əks halda bir müddət sonra evimiz yaşanılmaz hala gəldiyi kimi veb-saytımız da istifadəyə yaramayacaq və məcbur olacağıq ki, onu yeniləyək. 
Bu yazımızda veb-saytı yeniləməyimizi şərtləndirən məsələlərdən və onları yaradan səbəblərdən “bloq açacağıq” :) 
Köhnə veb-dizayn
Dizayn trendləri çox sürətlə dəyişir. Saytı istifadəyə verdiyiniz dövr dizaynı hər nə qədər müasir görünüşlü olsa belə, maksimum 5 il sonra yeni trendlərlə ayaqlaşmayacaq. 
Maraqlıdır, bəs bu məsələnin hansı mənfi təsirləri var? 
Güvənsizlik – ilk təəssüratın önəmindən yazmağın artıq olduğunu düşünürəm. Əgər istifadəçi ilk dəfə saytınıza daxil olduqda köhnə dizaynla qarşılaşacaqsa, psixoloji olaraq sizə etibarı azalacaq. 
Yuxarı “Bounce Rate”*  -  yəqin ki, sizdə də hərdən elə bir hal olur ki, hər-hansı bir məlumatı axtarmaq üçün daxil olduğunuz saytın az qala bütün səhifələrinə nəzər saldıqdan sonra saytı tərk edirsiniz. Buna saytın faydalı kontenti ilə yanaşı uğurlu dizaynı da səbəb olur (fərqində olmasaq belə). İndi isə bunun əksini düşünək, saytımız köhnə dizayndadırsa, istifadəçi daxil olduğu səhifədən digərlərinə keçmədən çıxacaq :)
Qeyd: Bounce Rate sayta daxil olan istifadəçilərin başqa səhifələrə keçmədən saytı tərk etməsini əks etdirən göstəricidir. Bu indikatorun yuxarı olması saytınızın dizaynı, strukturu və ya kontentində problemin olduğunu göstərir. İdeal Bounce Rate göstəricisi 35-55% arasında dəyişir. 

Texniki köhnəlmə
İşlək olmayan funksionallıq
Proqramlaşdırma dilləri, onların framework-ləri, veb servis göstərən platformalar çox tez-tez yenilənir. Bu səbəblərdən saytınızda olan bəzi əməliyyatlar ilk zamanlarda işlək olsa da bir müddətdən sonra funksionallığını itirir. Xüsusən ən çox qarşılaşılan problemlərdən biri də  sosial şəbəkələrin tez-tez API-ləri və qaydalarını dəyişmələri ilə əlaqədar olur. Əgər siz də sosial şəbəkələrdən saytınıza hansısa məlumatları çəkirsinizsə və ya qeydiyyat prosesini onlar vasitəsilə edirsinizsə, bu problemlərlə qarşılaşa bilərsiniz. 

Köhnəlmiş kodlar 
Bu problem əsasən HTML kodları ilə bağlıdır. Gəlin ilk öncə HTML və CSS dillərinin (proqramlaşdırma dilləri deyil!!! :) ) nə işə yaradığını qısaca sizə izah edim. HTML təqlər veb səhifələrin strukturunu (yazı, başlıq, şəkillər və s.), CSS kodlar isə həmin struktur elementlərinin dizaynlarını (yazıların rəngi, şəkilin hündürlüyü, arxa fon rəngi və s.) müəyyənləşdirir.  
Zaman-zaman bəzi HTML təqlər köhnəlmiş qəbul edilir. Belə olduqda brauzerlər həmin təqləri dəstəkləmir və nəticə etibarı ilə saytın brauzerlərdə görüntüsü pozulur. Axtarış motorlarının alqoritmləri ilə bağlı yazdığım məqalədə də qeyd etmişdim ki, istifadəçi məmnuniyyəti onlar üçün çox önəmlidir. Bu səbəbdən əgər axtarış motorları saytınızda köhnəlmiş kodlar aşkarlasalar, saytınızı axtarış nəticələrini aşağı salacaqlar. 
Saytımızı yeniləmək üçün şərtləndirən amillərlə qismən tanış olduq, indi isə keçək əsas məsələyə. Saytımızı necə yeniləməliyik? Sadəcə bir problemə görə bütün saytı yeniləmək məcburiyyətindəyikmi? 
Necə ki, xəstənin müalicəsi müayinədən başlayır, veb-saytlarda da yenilənmələr diaqnostikadan başlamalıdır. Peşəkar veb-proqramçı, UI&UX dizayner və SEO ekspertlər saytı analiz edib saytda olan boşluqları, gözlə görünən və görünməyən çatışmazlıqları müəyyən etdikdən sonra yenilənmə üçün plan hazırlamalıdırlar. Daha sonra həmin plana əsasən yenilənmələr edilməlidir.
Ola bilər ki, saytın strukturu və back-endi saxlanılmaqla yalnız dizaynının dəyişdirilməsinə və ya dizayn saxlanmaqla ancaq back-endin yenilənməsinə (hətta təmamilə başqa proqramlaşdırma dilində yenidən yığılmasına) qərar versinlər. Hətta elə ola bilər ki, sayt istifadəçilərinin əvvəlki vərdişlərini nəzərə alaraq saytın dizayn və strukturunun hissə-hissə yenilənməsinə qərar versinlər. Xüsusən bu təcrübə ilə biz böyük onlayn satış saytlarında və sosial şəbəkələrdə rastlaşa bilərik. Onu da qeyd edim ki, həmin platformalarda dizayn və struktur ilə bağlı qərarlar əsasən A/B test nəticələrinə əsasən verilir. 
Hələlik bu qədər, əgər bu mövzuda suallarınız olarsa mənə müraciət etməyə çəkinməyin (elmeddin.y@brandup.az). Saytlarınıza daha çox trafik gəlməsi, yenilənmələrin peşəkarlar və test nəticələrinin qərarlarına əsasən edilməsi ümidi ilə bloqumu sonlandırıram :)

BİZİ İZLƏYİN